Türk dünyası gənc yazıçılarının Bakı toplantısı keçirilib Hadisə

Türk dünyası gənc yazıçılarının Bakı toplantısı keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi" adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start verilib.
İyulun 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Bakı toplantısının açılış mərasimi keçirilib.
Tədbirdə AYB-nin katibləri İlqar Fəhmi çıxış edərək türk dünyası gənc yazarlarının Bakı toplantısının əhəmiyyətindən söz açıb. O, DGTYB-nin son 15 ildə reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Bildirib ki, bu layihələr türk dünyası gənc yazarlarının birliyi və yaradıcılıq mübadiləsi baxımından olduqca maraqlıdır.
Milli Məclisin deputatı, şair-publisist Musa Urud tədbirə qatılan gənc yazarları türk dünyasının işıqlı gələcəyi naminə səylərini birləşdirməyə çağırıb. O, müxtəlif ölkələri təmsil edən yazarları Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ problemindən yazmağa və bu istiqamətdə vahid mövqedən çıxış etməyə səsləyib.
Musa Urud kitablarını qonaqlar təqdim edib.
DGTYB-nin sədri Əkbər Qoşalı türk dünyası gənc yazarlarının Bakı toplantısı çərçivəsində keçiriləcək tədbirlərdən söz açıb. Bildirib ki, iyulun 14-dək davam edəcək tədbirlər çərçivəsində qonaq yazarların öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumatları dinləniləcək.
Qeyd edilib ki, tədbirlərə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri qatılıblar. Onların bir sıra maraqlı görüşləri nəzərdə tutulub.
Tədbirdə bir qrup iştirakçıya DGTYB-lə fəal əməkdaşlığa görə fəxri fərmanlar təqdim olunub.
Tədbir müzakirələrlə davam etdirilib.