ANS-in məhkəmə hədələri pislənilir Hadisə

ANS-in məhkəmə hədələri pislənilir

Cavid

AHS yenə məhkəməyə üz tutdu. Bu dəfə xəbər portal və saytları yox, Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalın hədəfindədir. Xatırladaq ki, bir müddət öncə adıçəkilən kanal 7-8 sayta qarşı məhkəmə iddiası ilə çıxış edib. Guya bu saytlar ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yayıblar.
AHS iddaa edirdi ki, həqiqətə uyğun olmayan məlumatlar yayanlar qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
ANS MYMŞ-nın Hüquq Departamenti bildirmişdi ki, bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Həmin portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
Saytlardan birinin artıq məhkəməyə hazırlıq iclası keçirilib. Digərlərindən isə hələ xəbər yoxdur. O vaxtlar AHS-i qınayanlar çox oldu. Amma teleşirkət öz hüququndan istifadə etməkdə israrlıydı.
Bu dəfə də bu isrardadır. Belə ki, dünən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında yeni məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesi zamanı mütəxəssisin rəyi dinlənilib.
Növbəti məhkəmə prosesi isə mayın 22-nə təyin edilib.
ANS-in MTRŞ-nı məhkəməyə verməsinə səbəb isə bu il yanvarın 14-də şuranın iclasında ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılması olub.
Belə ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib.
Həmin qərardan narazı qalan ANS Media Şirkəti isə məhkəməyə qərarın ləğvi barədə iddia ilə müraciət edib.
MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ANS-in Milli Teleradio Şurasını məhkəməyə verməsi onların hüququdur. Onlara cərimə cəzası tətbiq olunmalıydı. Sadəcə olaraq ANS-in əmlak vəziyyətinin aşağı olduğunu və özlərinin də xahişini nəzərə alaraq, Şura onlara xəbərdarlıq cəzası tətbiq etməklə kifayətlənib: "Tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs bundan nəticə çıxararaq islah olunmalıdır. Görünür ki, ANS şirkətlər qrupu islah olunmayıb. Milli Televiziya və Radio Şurası bundan sonra da hər hansı telekanlada qanun pozuntusu aşkar edərsə, qanunvericiliyin tələbinə uyğun qərar verəcək".
Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişindəki məşhur "cinçıxarma" əhvalatından gedir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə söyləyib ki, qanun pozuntularına görə ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq olunub və onlar da bununla əlaqədar məhkəməyə müraciət edib. Bu, normal hüquqi prosedurdur. Onun sözlərinə görə, MTRŞ hər hansı televiziya kanalına xəbərdarlıq edən zaman qanunun müəyyən maddələrinə əsaslanır: "MTRŞ-də bu işlə xüsusi məşğul olan Hüquq şöbəsi var. Hüquqşünaslarımız birbaşa "Televiziya və radio yayımı haqqında" qanunu, ümumiyyətlə, televiziya və radio yayımı ilə bağlı qanunvericiliyi tamamilə öyrənib təkliflərini verirlər. Biz də ona uyğun olaraq telekanalları cəzalandırırıq. Bu məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin haqsız olduğunu bir daha ortaya çıxaracaq".
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov isə açıqlamasında bildirib ki, qərarı düzgün hesab etmirlər və bunun üçün də məhkəməyə müraciət ediblər.
"Vətəninfo.az" saytının rəhbəri Hahid Canbaxışlının fikrincə, televiziyalar yazılı və internet mediadan fərqli olaraq hər bir insanın evinə sərbəst daxil ola bilir: "İstər özəl, istərsə də dövlət televiziyaları proqram seçimində bu və ya digər şəkildə sərbəstdirlər. Amma bu o demək deyil ki, cəmiyyətin, insanların zövqlərini korlayan, marifləndirmədən daha çox qeyri-etik proqramlar yayımlamaqda özgür ola bilərlər. Bu gün Azərbaycanın teleməkanında mövcud olan televiziyalar, xüsusilə də ANS TV qarşısına məqsəd qoyub ki, mütləq nəyin bahasına olursa olsun, cəmiyyətin zövqünü korlamalıdır. Mən elə gəlir ki, "tarixin ANS-si" devizi dəyişməlidir. ANS istənilən formada ya tarixə qovuşmalı, ya da özünə çəki-düzən verməlidir. MTRŞ-ın bu yöndə aldığı qərara gəlincə, hesab edirəm ki, dövlətin TV-lər üzərində nəzarət mexanizimini həyata keçirən orqan olaraq qurumun qərarı yerində verilib".
"Mediaform"un əməkdaşı İmdad İlyaslı isə deyir ki, əvvəllər də ANS-lə MTRŞ arasında qalmaqal olub: "2006-ci ildə ANS-in fəaliyyəti dayandırılanda məlum olmuşdu ki, ANS şuranı saya salmayıb, iclaslar qatılmayıb, şuranın verdiyi qərarlara əməl etməyib. Amma ANS-in yayımına yenidən icazə veriləndən sonra televiziya rəhbərliyi şuranın iclaslarında görünməyə başladı. Görünür, ANS yenə əvvəlki dövrlərə qayıdıb. Digər televiziyalarda olduğu kimi AHS-in efirində də irad tutulası xeyli verilişlər var. Şuranın addımı başadüşüləndir".
Jurnalist Alçina Amilqızının fikrincə isə MTRŞ-in AHS-ə iradı qanun çərçivəsində olub: ""Adam içində" verilişində həqiqətən də "cinçıxarma" kadrları geniş müzakirə olundu. Hətta yadımdadır ki, "Günəbaxan" verilişində o verilişin aparıcısı da dəvət olunmuşdu ki, bu məsələlərə aydınlıq gətirsin. Düzdür, AHS-çilər necə deyərlər öz eyiblərini ört-basdır etməyə cəhd göstərdilər. Amma fakt odur ki, belə verilişlərdə ictimaiyyətə falçılar, cindarlar, cadugərlər nümayiş olunur. Bu da ictimaiyyətin sivil maariflənməsinə qarşıdır və əhalini cəhalətə sürükləyir. Mənə elə gəlir ki, AHS məhkəmə ilə hansısa qurumu hədələməkdənsə, öz verişlişlərində korrektələr etsə daha yaxşı olardı. Verilişlərin reytinqli olması üçün belə həllardan istifadə yolverilməzdir".
"Üç nöqtə" qəzetinin əməkdaşı Tahirə Qafarlı isə bildirib ki, son vaxtlar ANS telekanalı ziddiyyətli qalmaqallarla məhkəmə olaylarının epidsentrində durur: "Qeyd edək ki, bir qədər öncə ANS-də gedən "Kəlbəcərsiz 21 il" başlıqlı süjetdə Kəlbəcər sakinlərinin ünvanına səsləndirilən təhqiredici fikirlərə görə, kəlbəcərlilər ANS-in üzr istəməsini tələb etmişdilər. Amma buna rəsmi cavab verilmədi. Ümumiyyətlə, ANS teleradio sahəsində "hakim", daha vətənpərvər, guya həqiqəti bilən və deməyə çəkinməyən qurum kimi görünmək istəyinin eyforiyasını yaşayır. Amma baş verənlər, görünənlər heç də bundan xəbər vermir. Bəzən həqiqəti də qəbul etmək lazımdır. Özünü telekanallar arasında "hakim" görmək qərəzsizlik anlamına gəlmir. Bu mənada Teleradio yayım Şurasının ANS-in "Adam içində" verlişindəki "cinçıxarma" əməliyyatının dayandırılması qərarını dəstəkləyirəm. ANS özünə kənardan baxmalı, nöqsanlarını aradan qaldırmalıdır".