"Dublindən Bakıya uzanan diplomatik xəttin əsas məzmunu..." Gündəm

"Dublindən Bakıya uzanan diplomatik xəttin əsas məzmunu..."

Avropa bu gün özünün son onilliklərdə qarşılaşdığı ən mürəkkəb geosiyasi sınaqlardan birini yaşayır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, transatlantik münasibətlərdəki yeni yanaşmalar, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutları ətrafında gedən rəqabət Avropa siyasi məkanının prioritetlərini yenidən müəyyənləşdirir. Belə bir şəraitdə Avropa üçün ənənəvi tərəfdaşlarla bərabər, coğrafi və geosiyasi baxımdan mühüm mövqeyə malik dövlətlərlə münasibətlərin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da bu yeni siyasi və iqtisadi konfiqurasiyada diqqət mərkəzində olan ölkələrdən biridir.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti məhz bu reallıqlar fonunda diqqət çəkir. Avropa İttifaqına üzv olan və olmayan ölkələrin liderlərini bir araya gətirən platformanın builki gündəliyi "Güclü, təhlükəsiz və əlaqəli Avropa" konsepsiyası ətrafında formalaşıb. Aİ Şurasının məlumatına əsasən sammitə, 48 ölkənin dövlət və hökumət başçılarının qatıldığı bildirilir. Müzakirələrin əsas istiqamətləri rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat əlaqələri, əlçatan enerji və demokratik Avropanın təhlükəsizliyidir.

Avropa Siyasi Birliyi klassik beynəlxalq təşkilat olmasa da, onun əsas məqsədi və siyasi dəyəri müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni masa ətrafında dialoq qurmasına imkan yaratmasıdır:

"Məhz bu xüsusiyyət Azərbaycan kimi Aİ üzvü olmayan, lakin Avropa təhlükəsizliyi enerji və nəqliyyat məsələlərində mühüm tərəfdaş olan ölkələr üçün əlavə diplomatik imkanlar yaradır. Avropa ilə Azərbaycanın münasibətləri son illərdə həm əməkdaşlıq həm də fikir ayrılıqları ilə müşayiət olunur. Bu münasibətləri yalnız enerji tərəfdaşlığı və ya siyasi dialoq çərçivəsində qiymətləndirmək kifayət etmir. Burada regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat infrastrukturu, rəqəmsal transfarmasiya və beynəlxalq hüquq məsələləri də mühüm yer tutur. Bu ilin mart ayında Avropa Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri və tərəflər arasında enerji, müdafiə, rəqəmsal əməkdaşlıq və nəqliyyat sahələrini əhatə edən birgə bəyanatın imzalanması bu prosesin mühüm hadisələrdən biri kimi yadda qalıb.

Bu baxımdan son vaxtların siyasi dinamikası onu göstərir ki, Brüssel və Bakı arasındakı münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan dialoq yenidən fəallaşıb. Lakin bu yaxınlaşmanı bütün siyasi fikir ayrılıqlarının aradan qaldırılması kimi qiymətləndirmək də doğru olmazdı. Avropa Parlamentinin 2024 -cü il 24 oktyabr tarixli qətnaməsində Azərbaycanda insan hüquqları, siyasi azadlıqlar və media mühiti ilə bağlı "ciddi tənqidlər" yer alıb. Sənəddə Avropa İttifaqının enerji əməkdaşlığına da yenidən baxılması çağrışı səsləndirilib.

Bu mövqelər Avropa ilə Azərbaycan münasibətlərində siyasi gündəliyin yalnız enerji və iqtisadi maraqlardan ibarət olmadığını göstərir. Avropa institutlarının bir hissəsi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı həmçinin insan hüquqları, demokratik institutlar və beynəlxalq hüquq məsələlərinin də münasibətlərin ayrılmaz hissəsi olmasını tələb edir. Qarşılıqlı maraqlara əsaslanan münasibətlərin davam etməsi üçün siyasi dialoqun bütün istiqamətlərdə davam etdirilməsi də vacibdir. Bu baxımdan Dublin müzakirələri bir daha göstərir ki, müasir Avropanın təhlükəsizlik və inkişaf gündəliyi artıq yalnız Avropa İttifaqının daxili sərhədləri ilə məhdudlaşmır.

Bu gündəlik Cənubi Qafqazı, Xəzər dənizini və Mərkəzi Asiyanı da əhatə edir. Bu mənada Bakı ilə Brüssel arasında dialoqun gələcəyi yalnız ikitərəfli münasibətlərin deyil, daha geniş Avrasiya siyasi və iqtisadi məkanının formalaşmasının da mühüm elementlərindən biri ola bilər.

Bu baxımdan Dublindən Bakıya uzanan diplomatik xəttin əsas məzmunu və məqsədi də məhz budur. Dəyişən beynəlxalq münasibətlər sistemində dialoqu qoruyub saxlamaq, fərqli maraqları uzlaşdırmaq və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq".

Cavid