Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb Hadisə

Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb

Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda keçirilən media təlimində bildirib.

Onun sözlərinə görə, akkreditasiya attestatları sınaq və kalibrləmə laboratoriyalarına, sertifikatlaşdırmanı həyata keçirən qurumlara və inspeksiya orqanlarına verilib.

Emin Zeynalov qeyd edib ki, akkreditasiya attestatlarının verilməsi həmin qurumların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu və texniki səriştəliliyini təsdiqləyir.

“Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”, – deyə o vurğulayıb.

AzAK direktoru əlavə edib ki, Mərkəzin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.