“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir” Gündəm

“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”

“Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə Görüşü bu dəfə “Güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli Avropa” mövzusuna həsr olunub. Görüşün beş əsas siyasi istiqaməti diqqəti cəlb edir. Avropanın müdafiə potensialının və müdafiə qabiliyyətinin gücləndirilməsi, Rusiya-Ukrayna müharibəsi və Avropanın sülh danışıqlarındakı rolu, enerji təhlükəsizliyi və iqtisadi rəqabətqabiliyyətlilik, hibrid təhdidlər və kibertəhlükəsizlik, eləcə də Avropada qarşılıqlı bağlantıların və nəqliyyat dəhlizlərinin inkişafı. Zirvə görüşü Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı olduqca həssas bir dövrdə keçirilir. Çünki Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlarda Avropanın artan narahatlığının şahidi oluruq. Bu gün Avropa müstəqil müdafiə potensialını gücləndirmək istiqamətində addımlar atmağı da ciddi nəzərdən keçirir. Enerji təhlükəsizliyinə isə artıq sadəcə iqtisadi məsələ kimi deyil, həm də geosiyasi təsir və milli təhlükəsizlik amili kimi yanaşılır. Bu baxımdan Avropanın təhlükəsizliyi, iqtisadi dayanıqlılığı və siyasi əməkdaşlığı bir-biri ilə sıx bağlı olan məsələlərdir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

“Şübhəsiz ki, nəqliyyat və logistika bağlantıları da Avropanın iqtisadi strategiyasında mühüm yer tutur. Məhz bu kontekstdə Azərbaycanın zirvə görüşündə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Birincisi, Azərbaycanın çoxvektorlu xarici siyasət kursu mövcuddur. İkincisi, Orta Dəhliz istiqamətində Avropanın iqtisadi və logistika maraqları Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantılarındakı rolu ilə üst-üstə düşür. Eyni zamanda, Cənubi Qafqazda sülhün və regional sabitliyin təmin olunması Avropanın bugünkü təhlükəsizlik gündəliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan siyasi dialoq hər iki tərəf üçün zəruri amildir və Avropa Siyasi Birliyi məhz belə dialoqun aparılması üçün mühüm imkanlar yaradır” – deyə Ş.Həsənova qeyd edib.

Politoloq bildirib ki, cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitlərində iştirakı və bu platformada nümayiş etdirdiyi siyasi mövqe illər ərzində xüsusi maraq doğurub: “Burada ən mühüm məqam ondan ibarətdir ki, dövlət başçısı müxtəlif platformalarda Azərbaycanın milli maraqlarını xarici siyasətin əsas prioriteti kimi müəyyənləşdirib. Cənab Prezident İlham Əliyevin yanaşmasında əsas prinsip ondan ibarətdir ki, Azərbaycanla siyasi dialoq qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır. Azərbaycanın milli maraqlarına zidd olan yanaşma və ritorika ilə barışmamaq dövlətimizin prinsipial mövqeyinin əsasını təşkil edir. 2022-ci ilin oktyabrında Praqada keçirilən ilk Avropa Siyasi Birliyi Zirvə Görüşü bu baxımdan mühüm siyasi hadisə kimi yadda qaldı. Həmin görüş çərçivəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında tanıdığını təsdiqlədi. Bu, Bakı ilə İrəvan arasında münasibətlərin hüquqi-siyasi çərçivəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli məqam idi”.

Onun sözlərinə görə, digər mühüm məsələ Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyası ilə bağlı idi: “Azərbaycanın prinsipial mövqeyi nəticəsində missiyanın fəaliyyət coğrafiyası Ermənistan ərazisi ilə məhdudlaşdırıldı. Bu da Azərbaycanın öz milli maraqlarını beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etdiyini göstərən nümunələrdən biridir. Qranadada keçirilən sammitdə Prezident cənab İlham Əliyevin iştirak etməməsi də həmin dövrdə yaranmış siyasi fikir ayrılıqları kontekstində qiymətləndirilməlidir. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərinə qarşı nümayiş etdirilən qərəzli münasibət və bəzi Avropa dairələrinin hadisələrə selektiv yanaşması Bakının bu qərarında mühüm amillərdən biri idi. Bu addım Azərbaycanın beynəlxalq platformalarda iştirakının öz-özlüyündə məqsəd olmadığını, əsas prioritetin milli maraqların qorunması olduğunu bir daha nümayiş etdirdi. Sonrakı mərhələdə cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi platformasında iştirakı və Qərb ölkələrinin yüksək səviyyəli nümayəndələri ilə təmasları Azərbaycanın mövqeyini birbaşa ifadə etmək baxımından mühüm əhəmiyyət daşıdı. Dövlət başçısı Avropanın bəzi dairələrinin ərazi bütövlüyü məsələsinə selektiv yanaşmasını və ikili standartları tənqid edərək beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplər əsasında tətbiq edilməsinin vacibliyini vurğuladı. Bu, mövqe Bakıdan İrəvana, bütün, lakin bütöv olmayan Avropaya doğru ötürüldü”.

O həmçinin vurğulayıb ki, bu gün Avropa İttifaqının bir sıra liderləri Azərbaycanı regional sabitliyin və enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından biri kimi qiymətləndirirlər: “Xüsusilə ciddi enerji çağırışlarının mövcud olduğu bir dövrdə Avropanın enerji resursları istehsal edən ölkələrlə əməkdaşlığını genişləndirmək zərurəti Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın enerji təchizatının şaxələndirilməsində, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi qeyd edilməlidir. Dublində cənab Prezident İlham Əliyevin iştirakı, dövlət başçısı ilə görüşlərə göstərilən maraq və aparılan siyasi təmaslar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu, həm də Azərbaycanın öz milli maraqlarını qətiyyətlə qoruyan, beynəlxalq proseslərdə fəal iştirak edən və tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər quran dövlət olduğunu nümayiş etdirir. Azərbaycanın Avropa məkanında regional və qlobal sabitliyə, enerji təhlükəsizliyinə və siyasi dialoqa verdiyi töhfələr ölkəmizin beynəlxalq mövqeyinin mühüm elementlərindəndir. Avropanın Azərbaycana marağının artmasını yalnız enerji amili ilə izah etmək düzgün olmazdı. Burada Azərbaycanın geosiyasi mövqeyi, Orta Dəhlizdəki rolu, regional təhlükəsizlik məsələlərindəki mövqeyi və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasət mühüm rol oynayır”.

Röya İsrafilova