“Bu məsələ Ermənistan üçün risk daşıyacaq hal deyil” Gündəm

“Bu məsələ Ermənistan üçün risk daşıyacaq hal deyil”

“Düşünmürəm ki, Ermənistanı KTMT-də səsvermə hüququndan məhrum etməklə Ermənistan nəsə itirəcək. Ermənistanın itirəcəyi bir şey yoxdur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S.Hümbətovun sözlərinə görə, onsuz da Ermənistan özü KTMT-dən ayrılmaq istəyirdi və onun səsvermə hüququnun əlindən alınması burada bir neçə istiqamətdə dəyişə bilər: “Birinci məsələ, bu, Rusiya ilə münasibətlərdə müəyyən bir gərginləşmə yarada bilər. İkinci məsələ, Ermənistan Rusiya qoşunlarının, yəni Ermənistan ərazisində olan Rusiya 102-ci hərbi bazasının oradan çıxarılması üçün təşəbbüs irəli sürə bilər. Bunu nə dərəcədə bacaracaq-bacarmayacaq bu, başqa məsələdir. Qaldı ki, Ermənistan üçün risk ola bilərmi? məsələn, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərin gərginləşməsi, bu gərginləşmə fonunda KTMT-yə ehtiyacı ola bilər və s. Ancaq Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırır, Azərbaycanla da 8 avqust 2025-ci il anlaşması imzalayıb. Buna görə də bu məsələ Ermənistan üçün çox da risk daşıyacaq hal deyil. O baxımdan Ermənistanın KTMT-dən uzaqlaşması və ya səsvermə hüququnun əlindən alınması düşünmürəm ki, Ermənistana çox ciddi təsir edə”.

Röya İsrafilova