Yol Polisinə sürücüləri təqib edə biləcəklər Hadisə

Yol Polisinə sürücüləri təqib edə biləcəklər

Amma nəqiyyat vasitəsinin qaçırılması və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda

Dünən Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər yol polisinə daha çox hallarda sürücüləri təqib etmək imkanı verir.
Belə ki, bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.
Qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsində (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd" hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilir: "Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər".
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.