“Qarabağ qərarının hüquqi qüvvəsi sual altındadır” Siyasət

“Qarabağ qərarının hüquqi qüvvəsi sual altındadır”

“Ermənistan konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması əslində həm də Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi demək olacaq”.

Bunu deputat Hikmət Babaoğlu Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

O qeyd edib ki, ancaq bunun üçün real addımlar atılmalıdır: “Paşinyan noyabr ayında konstitusiya layihəsinin yeni mətnini ictimai müzakirələrə təqdim edəcəyini bildirsə də, hələ ki bu baş verməyib. Ümid edirik ki, bu doğrudan da noyabr ayında baş verəcəkdir və tezliklə biz Ermənistanın yeni konstitusiyasını görmüş olacağıq.

Ancaq bir məsələ var. Əgər Ermənistan konstitusiyasının mətnində müstəqil Ermənistanın – Sovet Sosialist Ermənistanının siyasi hüquqi varisi olması məsələsi qeyd olunursa, onda yeni bir sual yaranır. O zaman Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan Sovet Sosialist Respublikası Ali Sovetinin dırnaqarası Qarabağı Ermənistana birləşdirməsi ilə bağlı qərarı hansı hüquqi qüvvədə olacaq? Mənə elə gəlir ki, bizim hüquqşünaslar və diplomatlar bu barədə də düşünməlidirlər”.

Günel Elxan