Ermənilər yenidən Naxçıvana ərazi iddiası irəli sürür Hadisə

Ermənilər yenidən Naxçıvana ərazi iddiası irəli sürür

Kamran İmanov: "Ermənistanda yeni "Nahicivan" adlı siyasi təşəbbüs peyda olub"

"Bizim mədəni irsimiz və mənəviyyatımız daim ermənilər tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz erməniçiliyin səngiməyən addımları ilə bağlıdır".
APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
K. İmanov bildirib ki, ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və Azərbaycanın və bütövlükdə bölgənin tarixinin təhrif edilməsi ilə həyata keçirilir: "Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış erməniçilik son vaxtlar yenidən Naxçıvan ərazisinə iddialar irəli sürür. Erməni agentliyi "news.am"ın məlumatına görə, Ermənistanda yeni "Nahicivan" adlı siyasi təşəbbüs peyda olub. belə "təşəbbüskarlar" Ermənistan prezidenti Serj Sarkisyandan ilham alırlar. Ulu öndər Heydər Əliyevin sözü ilə desək, biz Azərbaycan xalqının mədəniyyətinə, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlarına qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik".