Aqşin Babayev-80 Hadisə

Aqşin Babayev-80

Mətbuat Şurası əməkdar jurnalistin yubileyinə həsr olunmuş toplantı keçirib

Dünən Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə Əməkdar jurnalist Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyar jurnalistin zəngin yaradıcılıq yolundan bəhs edib. Əflatun Amaşov bildirib ki, 1936-cı ildə Bakıda anadan olmuş Aqşin Babayev Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) filologiya fakultəsini bitirib. Əmək fəaliyyətinə tələbəlik illərində Azərbaycan radiosunda başlayıb. Ömrünün 32 ilini radioya verib. Uzun illər burada baş redaktor vəzifəsini tutub. Paralel olaraq 10 il müddətində nüfuzlu "Moscow News" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. Aqşin Babayev həmçinin 15 il müddətində Azərbaycan Respublikasının Milli Məclisinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Otuzdan artıq kitabın müəllifi olan yubilyarın bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub. Aqşin Babayevin hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri kimi fəaliyyət göstərdiyini vurğulayan Əflatun Amaşov onu da bildirib ki, yubilyar jurnalistika sahəsində bir sıra nüfuzlu mükafatlarla təltif edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. MŞ sədri çıxışının sonunda Aqşin Babayevə rəhbəri olduğu qurumun diplomunu təqdim edib.
Tədbirdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Yusif Kərimov, məclisin üzvü, veteran jurnalist Məzahir Süleymanzadə, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yazıçı-publisist Firuz Mustafa, əməkdar jurnalist Flora Xəlilzadə, yazıçı-publisist İntiqam Mehdizadə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Mübariz Süleymanlı, "Liqa" qəzetinin baş redaktoru Zakir Abbas, veteran jurnalist Eldar İsmayılov və başqaları yubilyar qələm sahibinin ömür yolunun və yaradıcılığının müxtəlif tərəflərinə diqqət yetirərək onun geniş diapazona malik jurnalistlik fəaliyyətindəki müxtəlif cəhətləri vurğulayıblar. Onlar həmçinin Aqşin Babayevi gözəl publisist və dramaturq, səmimi və qayğıkeş dost kimi səciyyələndirərək xoş xatirələrini bölüşüblər.
Toplantıda Aqşin Babayevə MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də təqdim edilib.
Sonda çıxış edən Aqşin Babayev haqqında söylənilən xoş sözlərə və yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.