Vüqar Bayramov: İnvestisiya forumlarında 20 milyard dollarlıq razılaşmalar əldə olunub Gündəm

Vüqar Bayramov: İnvestisiya forumlarında 20 milyard dollarlıq razılaşmalar əldə olunub

“Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında son zamanlar bir sıra strateji məqamlara toxunaraq iqtisadi və sosial islahatlara toxundu. Cənab Prezident tərəfindən qeyd edilən məqamlardan biri məhz ikinci İnvestisiya Forumunda əldə edilən razılaşmalar və bu kontekstdə imzalanan sənədlərlə bağlıdır”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.

Deputat bildirib ki, son iki beynəlxalq investisiya forumunda imzalanmış sənədlər çərçivəsində ümumilikdə 20 milyard dollarlıq investisiyanın cəlbi nəzərdə tutulur:

“Praktik olaraq son iki Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sənədlər çərçivəsində 20 milyard dollarlıq investisiyanın cəlbi nəzərdə tutulub. Bu, əslində qeyri-neft-qaz sektorunun inkişafı baxımından çox vacibdir və birbaşa şəkildə bu sahənin inkişafının stimullaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Xarici investisiyaların cəlb edilməsi bundan əvvəl də yeni dövrün əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.Bundan öncə də ölkə Prezidenti tərəfindən yeni dövrün yeni hədəflərində xarici investisiyanın cəlb edilməsi əsas prioritetlərdən biri kimi qeyd olunmuşdu. Bu kontekstdən təbii ki, biz bu istiqamətdə daha çox sərmayələrin cəlb edilməsini müşahidə edəcəyik. Qeyri-neft sektorunda şaxələndirmənin təmin edilməsi və müxtəlif mənbələrdən daha çox gəlirin əldə olunması da əsas prioritetlər sırasındadır”.

Deputat xüsusilə beynəlxalq yükdaşımalar sahəsində Azərbaycanın qarşıya qoyduğu hədəflərə diqqət çəkib: ”Xüsusən beynəlxalq yükdaşımalar sahəsində Azərbaycanın bəlli bir hədəfləri var və bu hədəflər xüsusən də ölkə üzərindən daşınan yükün həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlıdır. Bu da nəticədə ölkəyə beynəlxalq yükdaşımalardan daha çox valyutanın daxil olmasına imkan yaradacaq”.

Deputat qeyd edib ki, yükdaşımaların həcminin artırılması ölkə iqtisadiyyatına əhəmiyyətli gəlir gətirə bilər.

“İlkin gözlənilən ondan ibarətdir ki, bu hədəflərin reallaşması bütövlükdə Azərbaycana 5 milyard manatdan artıq gəlirin əldə edilməsinə imkan yaradacaq”, - deyə Vüqar Bayramov vurğulayıb.

Günel Elxan