“Prezident əhalidən gələn reaksiyanı nəzərə aldı” Hadisə

“Prezident əhalidən gələn reaksiyanı nəzərə aldı”

Xəbər verdiyimiz kimi, dekabrın 22-də Tarif Şurasının növbədənkənar iclası keçirilib. İclasdan sonra Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iclasda qəbul olunan qərara əsasən elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.
Başqa sözlə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.
Sadə dillə desək, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62%-dən 75%-dək, elektrik enerjisi üzrə isə 72%-dən 80%-dək yüksəlmiş olur.
Qəbul olunan qərarı şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, limitlərin artırılması bütün hallarda müsbətdir: "Nəticə etibarı ilə limitlərin artırılması bir tərəfdən əvvəlki qiymətlərlə istifadə edilən həm elektrik enerjisi, həm də mavi qazın həcminin artmasına xidmət edir. Sözsüz ki, vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Eyni zamanda, limitin artırılması ondan istifadə edənlərin dairəsini genişləndirir. Çünki, limitlərin artırılması kvotanın artırılmasıdır. Bu da nə qədər artırsa, nəticə etibarı ilə imkan verir ki, daha çox ailəli vətəndaşlar bu limitlərdən istifadə edə bilsinlər".
Vüqar Bayramov qeyd edib ki, tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinə ehtiyac var. "Güman edirəm ki, limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Xüsusən, inkişaf etmiş ölkələrdə olduğu kimi, həm gecə-gündüz, həm şəhər-kənd, həm də pik saatlarda fərqli tariflərin tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsi və təkmilləşdirilməsinə ehtiyac var ki, prioritet sektorların dəstəklənməsi həyata keçirilsin", - deyə ekspert bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, limitlərin artırılması ölkə başçısının əhalidən gələn reaksiyalara dəstəkdir: "Tarif Şurası ay başa çatmadan ölkədə qazın və elektrik enerjisinin qiymətləri ilə bağlı verdiyi qərara iki dəfə dəyişiklik edib. Bu, heç də yaxşı əlamət deyil. Ona görə ki, Tarif Şurası tənzimləyici orqandır və onun funksiyası iqtisadiyyatın inhisarçı sahələri üzrə qiymət sahəsində qarşılıqlı inam formalaşdırmaqdan ibarətdir. Yəni cəmiyyətin Tarif Şurasının təklif etdiyi qiymətlərə inam olduğu halda, hökumətin həyata keçirdiyi iqtisadi siyasət daha effektli olur, çünki məhsuldar qüvvələrin buna dəstəyi ortadadır. İndiki halda isə Tarif Şurasının noyabrın 28-də təklif etdiyi normativlərə dekabrın 22-də korrektələr edilib. Özü də bu proses Azərbaycan prezidentinin tövsiyəsi ilə baş tutdu. Hesab edirəm ki, dövlət başçısı əhalidən gələn reaksiyanı nəzərə alaraq belə bir göstərişi verib və həqiqətən də zamanında və yerində belə bir addımın atılmasını zəruri hesab edib. Çünki qış aylarında ölkə əhalisinin müəyyən hissəsinin qızdırıcı vasitə kimi məhz elektrik enerjisindən istifadə etməsi bu kateqoriyadan olan insanların sosial vəziyyətinə təsirsiz ötüşməyə bilməzdi. O ki, qaldı qaz limitlərinin 200 kubmetr artırılmasına, burada da reallıqlar daha çox nəzərə alınıb, nəinki orta bir statistik sərfiyyat. Yəni məsələnin mahiyyətində Bakıdakı bir mənzilin sərfiyyatı durmamalıdır (ən çox abonent məhz Bakı və Abşerondadır), həmçinin bölgələrdəki abonentlərin spesifikasiyası nəzərə alınmalıdır. Belə olduğu təqdirdə, təbii ki, insanların real gəlirləri, praktika ilə uzlaşan qənaət və hökumətin 2017-ci il və sonrakı illər üçün görmək istədiyi iqtisadi artıma kompleks şərait yaranmış olur ki, bundan da hamının bəhrələnmək imkanı olur".