“Azərbaycanda tam mənada halal standartı yoxdur“ Hadisə

“Azərbaycanda tam mənada halal standartı yoxdur“

Eyyub Hüseynov: "Belə bir saxtakarlığa yol vermiş sahibkarlar əldə etdikləri gəlirin 50 faizi miqdarında cərimə olunmalıdırlar"
Tahir Əmiraslanov: "Bəzi işbazlar halal adı altında camaatı aldadırlar"
Cəmaləddin Həsənoğlu: "Halal"ın reklamının dayandırılması üçün müsəlman icmaları etiraz etməlidir"

Ət məhsulları istehsalı ilə məşğul olan "Orxan SS" firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Son zamanlar "halal" adı ilə istehsal olunan kolbasalarda donuz ətinin aşkarlanması halları müşahidə olunur.
Belə ki, "CF" və "KRİSTAL" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasalarının və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib. Bundan başqa, "Ukrainskaya kopçennaya" kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələri verilib. Yaxud "Servelat" kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Nazirlikdən bildirilib ki, qanun pozuntusuna yol vermiş "Orxan SS" İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Digər "halal" nişanlı kolbasa növlərinə də donuz əti vurulması istisna edilmir. Bu isə ilk növbədə istehlakçıların hüquqlarının pozulmasıdır. Ölkədə kifayət qədər inanclı insanlar var və şəriətə görə donuz əti haramdır. Bu təbəqədən olan insanlar yalnız "halal" nişanı olan kolbasalarla qidalanır. Belə çıxır ki, insanların əqidələrinə sayğısızlıq üzərində qazanc əldə edilir və bu proses davam edir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda tam mənada halal standartı yoxdur:
"Belə bir saxtakarlığa yol vermiş sahibkarlar əldə etdikləri gəlirin 50 faizi miqdarında cərimə olunmalıdırlar. Hesab edirəm ki, müvafiq orqanlar bu məsələ ilə məşğul olmalı və inzibati tədbirlər görməlidirlər. Çox təəssüflər olsun ki, bu sahədə xeyli boşluqlar var və bundan istifadə edən bəzi dövlət orqanları, Qafqaz Müsəlmanları İdarəsi "halal" setifikatı verir". Onun sözlərinə görə, məsələ kolbasada təkcə donuz piyinin olmasında deyil: "Ramiz müəllimin rəhbərlik etdiyi komitə kolbasaların standartını, yəni tərkibində nə olacaq və sairəni təyin edən bir komitədir. Keçən il mən İstanbulda dünyanın 69 müsəlman ölkəsinin toplaşdığı Halal İş Beynəlxalq Konfransında iştirak etdim. Dünyanın 69 ölkəsindən alimlər gəlmişdi. Türkiyənin nazirlərindən birinin çıxışından məlum oldu ki, halal nişanı altında mal dövriyyəsi ildə üç trilyon dollar edir. Bu üç trilyon dolların 82 faizi xristianların əlindədir. Yəni halal nişanı ilə daha çox xristianlar mal istehsal edir. Məlum oldu ki, halal kolbasa istehsalı üçün standart hazırlana bilər, lakin tərkibində problemlər var. Amerikalı din alimi dedi ki, kolbasanın istehsalında mütləq onun uzun müddət qalması, rəng və dad verilməsi üçün çoxsaylı konservantlar qarışdırılır. Bu konservantların mənşəyini kim müəyyən edəcək?! Halallıqda təkcə donuz əti deyil, heyvanın necə, hansı şəraitdə kəsilməsi də mühüm rol oynayır. Ramiz Həsənovun o fikri ilə razıyam ki, Azərbaycanda halal kolbasa yoxdur. Mən həmin konqresə getmədən öncə Azərbaycanda hazırlanan halal standartı oxumuşdum və məlum oldu ki, Azərbaycanda hazırlanan standart həmin beynəlxalq din alimlərinin dediyi standartlara uyğundur. Lakin onun tətbiqi məsələsi çox mürəkkəb bir məsələdir. Kolbasanın xammalı istehlakçının süfrəsinə gedib çıxana kimi izlənməlidir ki, o, halallıq nöqteyi-nəzərindən riskə məruz qalmasın. Qafqaz Müsəlmanları İdarəsinin "Halal" sertifikatı verməsinin tam əleyhinəyəm. Çünki onların izləmə sistemi yoxdur. İzləmə sistemi olmadığından halal nişanı adı altında buraxılan kolbasaların hamısı şübhəlidir. Bu kolbasalara halal sertifikatı verənlərin özləri böyük günah qazanırlar. Təəssüflər olsun ki, bu standartı verən qeyri-hökumət təşkilatları meydana çıxıb. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatı olduğu halda dövlət orqanının səlahiyyəti ilə işləyib. Bu hərc-mərclikdə isə inancı olan insanlar günah qazanırlar".
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov "bəzi işbazlar halal adı altında camaatı aldadır", - deyə məsələyə münasibət bildirib: "Dindarlarımızın çoxu üzərində "halal" yazılan kolbasaları elə bilirlər ki, halaldır və onu alıb yeyirlər. Məsələn, Rusiyadan gətirilən kolbasaların da içərisində, demək olar ki, ət olmur. Bu kolbasaların tərkibi daha çox quş peyinindən, civə jımıxından və neft parafinindən mikrobioloji yolla alınmış zülallardır. Onlara rəng qatılır. Rusiyanın özünün ciddi elmi jurnallarının yazdığına görə, bu gün praktiki olaraq bu zülallardan başqa heç bir ət kolbasaya vurulmur. Yəni Rusiya kolbasalarına süni ət vurulur. Bu da dediyim kimi, quş peyini, civə jımıxı və neft parafinindən mikrobioloji yolla alınır. Burada quş peyini var və peyindən alınan qidalar haram buyurulub. Amma piy qatmamaqla da kolbasa əldə etmək mümkündür. Kolbasaya qoyun piyi də vurula bilər. Ən sağlam, təmiz kolbasa belə təzə ətin yerini vermir. Qədimlərdə soyuducu yox idi. Onda məcbur olub əti saxlamaq üçün onu heyvanın şirin bağırsağına doldurur kolbasa və ya qaxac edirdilər. Əgər ət istehsaldan keçdisə, onun qida dəyəri bir dəfə aşağı salınır. Bu kolbasanı yeməyin nə mənası var?! Ondansa evdə qıyma ətə sarımsaq, ədviyyat vurub heyvanın şirin bağırsağının içinə doldurub suda bişirib, ya da qızardıb yemək daha məqsədəuyğun olar. Nəyə görə istehsaldan keçmiş və saxlanmaq üçün müəyyən maddələr, rəng vurulan bir qidanı insanlar yeyir, başa düşmürəm. Ən sağlam kolbasa belə təzə ətdən yaxşı deyil. İnsanlar gəzməyə gedəndə, səyahətə çıxanda məcbur qalıb qablaşdırılmış qidalardan istifadə edirlər. Amma ev şəraitində kolbasa və sosisdən istifadə etməyi anlamaq olmur".
Amma maraqlıdır ki, hələ də televiziyalar "halal" məhsulların reklamını dayandırmayıblar.
Jurnalist Cəmaləddin Həsənoğlu bildirdi ki, bu məsələ bizdə gərəyindən artıq dərəcədə şişirdilir: "Yadınıza bir xəbəri salmaq istəyirəm. Məlumat verildi ki, şəhərin mərkəzində yəhudi dini kompleksi tikiləcək və orda koşer (yəhudi dininə görə halal anlayışı) restoranı da fəaliyyət göstərəcək. Artıq neçə illərdir ki, yəhudi dini icması da, provaslav dini icması da, digər qeyri-müsəlman icmalar da öz şəriətlərinin halal bildiyi qidaları idxal edirlər. Tolerant ölkədə belə də olmalıdır. Hər hansı dövlət qurumu insana deyə bilməz ki sən bunu halal sayma və yemə. Yalnız texniki məsələlərə dövlət qurumu qarışmalıdır. Digər məslələr dini icmanın öz seçimidir. Kimsə Hindistandan gətirilən camış ətindən bişirilən kolbasanı halal bilirsə, Allah xatirinə qoy elə də bilsin. Bunun düz olub olmadığı dini hüquqa aid məsələdir, dünyəvi hüququn bə ya dövlətin problemi deyil. Dövlət qurumları o qidanin təhlükəsiz olub olmadığını araşdırsın. Reklama gəlincə, koşer məhsulun reklamına yəhudi icması etiraz etsə, demək bu etiraz nəzərə alınmalıdır. Müsəlman icmaları da hansısa halal adıylı tanıdılan məhsulun reklamına etiraz etsə, o reklamın dayandırılması məsələsi müzakirə edilə bilər".

Əli