Milli Məclisdə Çernobıl əlilləri ilə bağlı məsələ qaldırılıb Hadisə

Milli Məclisdə Çernobıl əlilləri ilə bağlı məsələ qaldırılıb

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında Çernobıl əlillərini narahat edən bəzi məsələləri qaldırıb və onların həlli üçüm addım atmağa çağırıb: "Bir neçə gün əvvəl Çernobıl faciəsinin 31-ci ili tamam oldu. Avropa və bütün dünya üçün böyük bir faciə olan Çernobıl qəzasının aradan qaldırılması üçün 7 mindən çox azərbaycanlı iştirak etmişdi. Onların hamısı ağır şüalanmaya məruz qaldı, bəziləri bunun nəticəsində qısa zaman ərzində dünyasını dəyişdilər. Çernobıl əlilləri və onların həmin hadisədən sonra dünyaya gələn övladları ağır şüalanmanın nəticələrini öz sağlamlığında hiss etdilər və bu gündə müalicələr almaqda davam edirlər. Bu gün təxminən 4950-dən çox Çernobıl əlili qeydiyyatdadır, bir neçə gün əvvəl Çernobıl faciəsinin 31 illiyi ilə bağlı Çernobıl əlilləri cəmiyyətinin üzvləri görüşüm zamanı onlar üzləşdikləri bəzi çətinliklərin və problemlərin həllində Milli Məclisdən dəstək gözlədiklərini dedilər...Çernobıl əlilləri də xahiş edirlər ki, qanunvericilikdə onlarla da bağlı dəyişiklik olunsun və imtiyazlı ev növbəsində olan Çernobıl əlili dünyasını dəyişdiyi zaman, onun ailəsi imtiyazlı ev növbəsini itirməsin və ondan yararlana bilsin. Çernobıl əlillərinin yaşadığı acıları nəzərə alaraq Milli Məclisimizi bu məsələyə baxmağa və problemin həlli istiqamətində addımlar atmağa çağırıram. Bu addım dövlətimizin Çernobıl əlillərinə daima göstərilən diqqəti bir daha vurğulamış olar. Ümid edirəm ki, Çernobıl əlillərinin bu xahişi qısa zamanda öz həllini tapacaq".