Səs-küylü Bakı Hadisə

Səs-küylü Bakı

Səhərə kimi tikinti gedir, kvalt, lom səsləri gəlir, beton tökülür...
Həkim Elman Abdullayev: "Ziyanı odur ki, sinir sistemini pozur, eşitmə qabiliyyətini azaldır, baş hərlənmələri və dəhşətli baş ağrıları verir"

Müasir dövrün ən ciddi qlobal problemlərindən biri də ətraf mühitin mühafizəsidir. Çünki XX əsrin ikinci yarısında insanın iqtisadi və digər fəaliyyətinin nəticəsi olaraq ətraf mühitin son dərəcə çirklənməsi insan cəmiyyətini təhlükə altına atıb. Ona görə də ekoloji təhlükəsizlik insanların həyat və sağlamlığının ən mühüm faktoruna çevrilib. İqtisadiyyat və ekologiya arasında mövcud olan ziddiyyətlər müasir dövrdə ətraf mühiti qorumaq və bəşəriyyətin öz mövcudluğunu kəskinləşdirən təhlükədən xilas etmək üçün dövləti konstitusiya səviyyəsində hüquqi tənzimləmə mexanizmindən istifadə etməyə məcbur edir. Ətraf mühitin çirklənməsinin əsas mənbələrini sənaye, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma təşkil edir. Ətraf mühiti çirkləndirən fiziki faktorlar (səs, elektromaqnit şüaları, vibrasiya və s.) içərisində böyük neqativ gücə malik səs və vibrasiyanın ətraf mühitə təsiri problemi respublikamız üçün daha ciddidir. Nəzərdən keçirdiyimiz bu problemlər müasir dövrdə çox vacib və bəzən də çox təhlükəli olduğundan konstitusiyada öz əksini tapmışdır. Konstitusiyanın 39-cu maddəsində deyilir ki, "hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır".
Sağlam ətraf mühitdə yaşamaq hüququ özündə bir sıra prinsipləri əks etdirir: əvvəla, Konstitusiya normasında ifadə olunan mənəvi prinsip; ikincisi, obyektiv ekoloji qanunvericilik sisteminin qurulması üçün prinsip; üçüncüsü, bu hüquq vətəndaşın, dövlətin ətraf mühiti əlverişli, sağlam vəziyyətdə saxlamaq, habelə əlverişsiz, qeyri-sağlam mühitin insana mənfi təsirini aradan qaldırmaq üçün müxtəlif tədbirləri aradan qaldırmaq və həyata keçirmək vəzifəsini müəyyən edən, subyektiv hüquqdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, insanların çoxu ekoloji mühiti yalnız havanın çirklənmə dərəcəsi ilə müəyyənləşdirməyə çalışır: "Əslində isə bununla bərabər, bizim əksəriyyətimizin psixikasına çox mənfi təsir göstərən səs-küy deyilən bir ekoloji problem də var". Səs-küy yaradan əsas mənbələrdən biri də avtomobil nəqliyyatıdır. Magistral yollardakı avtomobil nəqliyyatının səsi bəzən 90-95 dB olur. Avtomobil nəqliyyatının səsi sürətdən, maşınların sayından, saz olma vəziyyətindən, küçələrin enindən, keyfiyyətindən və yolların ətrafında olan yaşıllıqların olub-olmamasından asılıdır. Sənaye şəhərlərində yük maşınlarına daha çox rast gəlinir. Müasir dövrdə isə maşınların say artımı çox intensiv olmuşdur.
Statistik göstəricilərə görə 27 yaşadək olan insanların 46 faizi, 28-37 yaşlı insanların 57 faizi, 38-57 yaşlı insanların 62 faizi, 58 və yuxarı yaşlı insanların 72 faizinə səs-küy təsir göstərir. Adi istehsalata nisbətən, səs-küylü istehsalatda çalışan insanlarda peşə xəstəlikləri 20-30 faiz çox olur. Məhz, bunları nəzərə alaraq dövlət standartlarına uyğun olaraq, xüsusi akustik komfortlu mühəndis və məişət cihazlarına ehtiyac yaranmışdır. Zəmanəmizin ən ciddi qlobal problemlərindən biri də ətraf mühitin mühafizəsi problemidir. Çünki XX əsrin ikinci yarısında insanın iqtisadi və digər fəaliyyətinin nəticəsi olaraq ətraf mühit son dərəcə çirklənmiş və insan cəmiyyəti təhlükə altına alınmışdır. Ona görə də ekoloji təhlükəsizlik insanların həyat və sağlamlığının ən mühüm faktoruna çevrilmişdir. İqtisadiyyat və ekologiya arasında mövcud olan ziddiyyətlər müasir dövrdə ətraf mühiti qorumaq və bəşəriyyətin öz mövcudluğunu kəskinləşdirən təhlükədən xilas etmək üçün dövləti konstitusiya səviyyəsində hüquqi tənzimləmə mexanizmindən istifadə etməyə məcbur etmişdir. Ətraf mühiti çirkləndirən fiziki faktorlar (səs, elektromaqnit şüaları, vibrasiya və s.) içərisində böyük neqativ gücə malik səs və vibrasiyanın ətraf mühitə təsiri problemi respublika üçün daha təhlükəlidir.
Qulaq, burun, boğaz həkimi Hafiz Mehdiyev bildirir ki, səs-küy musiqi kimi deyil, ahəngsiz olduğu üçün insan orqanizminə mənfi təsir göstərir. Həkimin sözlərinə görə, yüksək səslər akustik travmaya gətirib çıxarır, xüsusən iç qulağa mənfi təsir edir. Həmçinin yüksək səs-küy insanların psixologiyasına da mənfi təsir göstərir: "İnsanlarda emosional gərginlik yaranır. Nəticədə ürək döyüntüləri artır, tənəffüs ritmi pozulur". Hafiz Mehdiyev bir maraqlı məqamı da qeyd edur: "Nə dərmanlarla, nə də ki cərrahi müdaxilə ilə yüksək səs-küydən zədələnmiş eşitmə orqanını əvvəlki halına qaytarmaq mümkün deyil: "İndiki dövrdə səs-küy problemindən birdəfəlik qurtulmaq müşkül görünür. Amma hər birimiz mümkün olduğu qədər özümüzü qorumalıyıq. Məsələn, toya getmişiksə, səsgücləndiricilərdən uzaq oturmağa çalışmalıyıq. Səs-küyün çox olduğu yerlərdə yaşayanlar pik saatlarda evlərinin pəncərələrini bağlamalıdırlar. Bundan başqa, bağlı yerlərdə yüksək səslə musiqiyə qulaq asmaq məsləhət görülmür - qulaqcıqdan istifadə etmək də həmçinin".
Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı Sülhəddin Gözəlov isə insanların iri, səs-küyü çox olan avtomobillərə meyil etməsinə belə münasibət bildirir: "Qonşudan qalma geri" söhbəti bizim beynimizdən çıxmayınca bunları düzəltmək çətin olacaq. Bu məsələnin həlli mədəniyyətə də bağlıdır. Tək inzibati metodlarla bunu həll eləmək mümkün deyil".
Fransız araşdırmaçıların apardıqları tədqiqatların nəticəsinə görə də, səs-küy insanların sağlamlığına mənfi təsir göstərdiyi müəyyənləşib. Onların əldə etdikləri nəticələrə görə, səs-küyün orqanizmin fiziki və psixi təsirinə qarşı müdafiə qabiliyyətini zəiflədir, yorğunluq yaradır və bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir, hətta ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur.
Memar, şəhərsalma üzrə ekspert Emil Axundov açıqlamsında qeyd edir: "Səs-küy çirklənməsi çox böyük və aktual mövzudur. Bu gün ən sivil şəhərlərdə belə səs-küy çirklənməsi ilə bağlı problemlər yaşanmaqdadır. Hər gün, hər saat, hər dəqiqə texnoloji addımlar atılır. Amma elə şəhərlər var ki, orada bünövrə qoyulub. Məlum məsələdir ki, səs-küy çirklənməsi, Yer kurəsindəki insanlar üçün böyük təhlükə daşıyıcısıdır. Əslində bizim şəhərdə 40 ildir ki, paytaxt icra hakimiyyətinin saat 20.00-dan sonra bütün səs- küylərin (tikinti səsləri, siqnallar, maşın səsləri, həyətlərdə ad günləri və toyların yaratdığı səs-küylərin) olmamasına dair sərəncamı var. Lakin buna əməl olunmur. Ölkəmizdə elə yerlər var ki, səhərə kimi tikinti gedir. Səhərə kimi kvalt, lom səsi gəlir, beton tökülür, montaj işləri gedir, tikinti işi gedir, yüksək səsli musiqi səslənir və s. kimi narahatçılıqlar davam edir. Bu səs küyü ən çox körpə beyinləri qəbul etmir. Onlar bundan diksinirlər, qorxurlar. Səs-küy çirklənməsi insanları ruhi xəstəliyə məhkum edir. Körpülər, yollar, bianlar və s. inşa olunur. Mikrorayonlardan, prospektlərdən böyük magistral yollar keçir. Çox qəribədir ki, az qala həmin yolların yanında böyük binaların tikintisinə icazə verilir. O binalarda insanlar istirahət edə bilmirlər. Aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır və səs-küy problemlərini həll etməlidir. Çünki insanları böyük stressə sürükləyən səs-küy çirklənməsi ruhi xəstəlik yaradıcısıdır".
Azərbaycanın əməkdar memarı, keçmiş baş planın müəlliflərindən biri Feyzulla Quliyev isə bildirir: "Səs insanın beynini yavaş-yavaş kütləşdirir. Bu, ən pis məsələdir, ən böyük ekoloji təsirdir. Səs incə-incə, yavaş-yavaş insan beynini korlayır. Böyük şəhərlərdə bu məsələ mütləq nəzərə alınmalıdır. Şəhər planlaşdırılmasında magistral yolların salınmasında, yaşayış zonasında məsafələr qurulmalıdır. Küçələrdə yaşıl zolaqllar, yaşıllıqlar olmalıdır. Biz isə əksinə, yaşıllıqları sökürük. Binalar akustika nəzərə alınaraq tikilməlidir. Binalar tikilərkən akustikaya uyğunlaşdırılmalı və müdafiə xətləri nəzərə alınmalıdır. Məsələn, şəhərimizdə Səməd Vurğun küçəsi ilə Bakıxanovun kəşisməsində bəzəkli bir bina var, səs-küyə qarşı ən nümunə göstəriləcək binadır. Orada doğurdan da, səs-küy yoxdur, o binanın qabağında yaşıl xətt var və akustikası hesablanmışdır. İstər böyük şəhərlərdə olsun, istərsə də kiçik şəhərlərdə səs-küyün qarşısı mütləq alınmalıdır. Onu da qeyd edim ki, şəhərdə maşınların hərəkətinin intensivliyi çoxdur. Bizdə əsas ictimai nəqliyyatdan, yəni avtobuslardan istifadə üstünlük təşkil edir. Vaxtilə isə tramvaylar, trolleybuslar fəaliyyət göstərirdi. Parisin mərkəzində tramvay işləyir. Bakıda isə trolleybusları, tramvayları yığışdırdılar. Bunlar səssiz işləyən nəqliyyat növləri idi. Bakıda tıxacların əmələ gəlməsi heç də maşınların çoxluğundan əmələ gələn məsələ deyil. Tıxaclar da öz nöbəsində səs-küyə səbəb olur. 2005-ci ilə qədər qüvvədə olan baş plana görə, Bakıda hər 1000 nəfərə 250 maşın nəzərdə tutmuşduq. Plana əsasən işlər görülmüşdü, küçələr verilmişdi, yollar genişləndirilmişdi. Küçələrdə birtərəfli hərəkətə icazə verilmişdi. Amma onların heç biri həyata keçirilmədi. Onu da xüsusi olaraq diqqətinizə yetirim ki, indiki dövrdə binaların tikintisinə çox məsuliyyətsiz yanaşırlar. Yaşıllıqları məhv edib, insanların həyatı üçün təhlükəli yerlərdə binalar tikirlər. Axı onlara kim bu icazəni verir?! Şəhərdə hovuzların sayını artırmalıyıq, yaşıllıqları çoxaltmalıyıq".
Həkim Elman Abdullayev isə səs-küy çirklənməsinin insan orqanizminə olan mənfi təsiri barədə deyir: "Ziyanı odur ki sinir sistemini pozur, eşitmə qabiliyyətini azaldır, baş hərlənmələri və dəhşətli baş ağrıları verir. Gecə yuxusuzluq halları yaradır. Sinir sistemini qıcıqlandırır. Əsəb, psixi və ruhi xəstəliklər yaradır. Nervoz kimi ciddi xəstəliyin yaradıcısı hesab olunur. Böyük şəhərlərdə toy şənlikləri, ad günləri gecə saat 23:00-dan sonra qadağandır. Bakıda isə belə ciddi fəsadlar yarada bilən, təhlükəli xəstəliklər daşıyıcısı olan problem həll olunmamış qalır".

Ülviyyə Tahirqızı