Əmək miqrasiyası ilə bağlı təqdimat tədbiri keçirilib Hadisə

Əmək miqrasiyası ilə bağlı təqdimat tədbiri keçirilib

Ölkəmizdə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət Komissiyanın iclası keçirilib. İclasda Komissiyada təmsil olan qurumların, habelə sosial tərəfdaşların (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının) nümayəndələrinin çıxışları dinlənilib. Demoqrafik inkişaf, əmək bazarı, iqtisadiyyatda işçi qüvvəsinə olan mövcud tələblər, vakansiya bazası, əmək ehtiyatları potensialı, sərbəstləşən işçilər üzrə proqnozlar və s. ilə bağlı məlumatlar təqdim olunub, 2018-ci il üçün əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanmasına dair rəy və təkliflər səsləndirilib.
İclas çərçivəsində əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin birgə icra etdiyi "Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat" layihəsi üzrə aparılan işlərlə bağlı təqdimat olub.
Təqdimat tədbirində Komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək miqrasiyası proseslərinin tənzimlənməsi işlərinin səmərəliliyinin artırılması, bu işlərin yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi prinsipinə və ölkənin ümumi inkişafına uyğun qurulmasının dövlət miqrasiya siyasətinin əsas hədəflərindən olduğunu vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan dinamik inkişaf ölkəmizə xarici əməkçi miqrant axınının sürətlənməsi ilə müşahidə olunur. Bununla əlaqədar Azərbaycanda müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində dövlət miqrasiya siyasəti ildən-ilə təkmilləşdirilib. Müvafiq normativ-hüquqi aktlar, 2013-cü ildə isə Miqrasiya Məcəlləsi qəbul olunub. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası" əsasında 2009-cu ildən hər növbəti il üçün əmək miqrasiyası kvotası, yəni təqvim ili ərzində ölkəmizin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddi müəyyən olunaraq təsdiq edilir".
S.Müslümov diqqətə çatdırıb ki, əmək miqrasiyası kvotası ölkədəki demoqrafik inkişaf, əmək bazarında vəziyyət və işəgötürənlərin tələbləri, ölkənin əmək ehtiyatları və s. ilə bağlı məlumatlar, proqnozlar təhlil olunmaqla müəyyənləşdirilir: "Son illərdə dünya iqtisadiyyatında baş verən proseslər hər bir ölkənin miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı yanaşmalarında daxili əmək bazarının qorunması prinsipini daha da gücləndirib. Bununla yanaşı, Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqda davam edir. Dünya İqtisadi Forumunun "2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan daha da irəliləyərək 138 ölkə arasında 37-ci yeri, əmək bazarının səmərəliliyi üzrə 26-cı yeri tutub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" üzrə görüləcək işlər Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artmasına imkan verəcək. Əmək miqrasiyası kvotası məsələsinə münasibətdə də mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi, yalnız yerli işçi qüvvəsi kifayət etməyən iş yerlərinə əməkçi miqrantların qəbulu prinsipi ilə yanaşı, eyni zamanda, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin getdikcə artmasına uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçi qüvvəsinin ölkəyə cəlb olunması prinsipi üstünlük təşkil edir".
Nazir bildirib ki, qeyd olunan prinsiplər əsasında əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi diqqətdə saxlanılır: "Beynəlxalq Miqrasiya Təşkilatı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə əməkdaşlıqda icra olunan "Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat" layihəsi də bu məqsədə yönəlib. Layihə çərçivəsində xarici və yerli ekspertlərlə birgə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması nəzərdə tutulub. Layihəyə uyğun olaraq ölkəmizin əmək bazarında əcnəbi işçi qüvvəsinə tələblə bağlı araşdırmalar da aparılır. Hazırda keçirilən bu təqdimat tədbiri də həmin layihə üzrə görülən işlərə həsr olunub".
Tədbirdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin layihə rəhbəri xanım Violeta Vaqner "Azərbaycanda əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat" adlı layihə, layihə üzrə görülən işlər, habelə aparılmış araşdırmanın nəticələrinə dair təqdimatla çıxış edib. Həmçinin Mərkəzin layihə müşaviri Yekaterina Belukova, beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melissa Siegel və b. əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi sahəsində dünya təcrübəsi, müasir dünyada bu sahədə mövcud yanaşmalara dair çıxışlar ediblər. Tədbir layihənin icrası yönündə aparılan işlərə, müvafiq araşdırmanın nəticələrinə, əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdirilməsinə dair müzakirələrlə davam edib.