“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub Hadisə

“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının 2017-ci il üçün 4-cü (sonuncu) sayı işıq üzü görüb.
"Türkologiya" jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Bolqarıstan alimlərinin məqalələri yer alıb.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında "Klassik İrs–Portretlər", "Dilçilik", "Tarix və Etnoqrafiya", "Mifologiya", "Müzakirə" rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, "Türkoloji mərkəzlər", "Redaksiyaya məktub", "Resenziya", "Elmi həyat", "Personalia" rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.
Beynəlxalq elmi jurnalın qayəsi "Sovetskaya Türkologiya" jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.
Qeyd edək ki, "Türkologiya" jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti 2018-ci il sayları üçün məqalə qəbulu davam edir.