Yol polisindən telefon və qulaqcıqlarla bağlı müraciət Hadisə

Yol polisindən telefon və qulaqcıqlarla bağlı müraciət

Kamran Əliyev: "Sürücülər bəzən isə sükan arxasında ailə və məişət problemlərini həll etməyə çalışırlar"
"Baş verən yol qəzalarının statistikası və təhlillər onu göstərir ki, həyatımıza, məişətimizə daxil olan mobil aparatlar müsbət tərəfləri ilə yanaşı, xeyli insan ölümünə də səbəb olur". Bunu "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, insanlar çox zaman yola çıxanda fikirli olur, bəzən isə sükan arxasında ailə və məişət problemlərini həll etməyə çalışırlar. Bu isə çox zaman acı nəticələrə gətirib çıxarır. Çoxlu faktlar var ki, sürücünün sükan arxasında məhz əldə telefonla danışması səbəbindən ağır yol qəzası baş verib.
K.Əliyevin sözlərinə görə, piyadaların qulaqcıqlar taxaraq səkidən kənar yollarda hərəkət etmələri də ciddi təhlükə yaradır. Qulağında qulaqcıq olduğuna görə isə onlar çox zaman yaxınlaşan təhlükəni hiss edə bilmir, avtomobillərin verdiyi siqnalları vaxtında eşitmirlər. Bu isə sonda piyadaların avtomobillər tərəfindən vurulması, hətta onların ölümü kimi acı nəticələrə gətirib çıxarır.
Şöbə rəisi BDYPİ adından bir daha sürücülərə və piyadalara müraciət edərək onları yollarda diqqətli olmağa, "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi əməl etməyə, özlərinin və ətrafındakı insanların həyatlarını təhlükəyə atmamağa çağırıb.