BANM-da AXC-nin 100 illiyinə həsr olunmuş sərgi Hadisə

BANM-da AXC-nin 100 illiyinə həsr olunmuş sərgi

Bakı Ali Neft Məktəbi (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə BANM-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib. BANM-dan verilən məlumata görə, sərgidə 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayan kolleksiyaçı və jurnalist Dilqəm Əhməd iştirak edib. İştirakçıları ilk öncə, tədbirin həyata keçməsində böyük əməyi olan BANM THİK-ın 1ci kurs Kimya mühəndisliyi fakültəsinin sədri Rəşad Əhmədov salamlayıb, tədbir haqqında məlumat verib.
Cümhuriyyətimizin, onun fədailərinin əşyalarını, məktubları, bir sözlər tariximizi bir yerə yığaraq kolleksiya formalaşdıran, həmçinin onları publisist yöndən araşdıran, cəmiyyətə, gələcək nəsillərə ötürməklə məşğul olan Dilqəm Əhməd tədbirin başlanğıcında geniş prezentasiya ilə BANM-ın tələbələri qarşısında çıxış edib. O öz təqdimatında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski, Səməd bəy Mehmandarov, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi görkəmli şəxsiyyətlər barəsində məlumat verərək, onların şəkilləri, məktubları, Azərbaycan tarixində rolu, baş vermiş hadisələr və onların xatirəsi ilə bağlı əhvalatlar haqqında tələbələrə geniş məlumat verib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin vurğunu olan kolleksiyaçı, Cümhuriyyət siyasilərinin ailə üzvləri ilə olan şəkilləri, həmin dövrə aid, məhv olmaqdan qurtarılmış sənəd və şəkillər haqqında öz bildiklərini tədbir iştirakçıları ilə paylaşıb. Daha sonra BANM-ın tələbələri Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.
Təqdimat bitdikdən sonra BANM-ın tələbələri Dilqəm Əhmədin alti ildən çoxdur ki topladığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə səyahət etdirən kolleksiyası, bu kolleksiyadan fotoşəkillər, məhv olma riskilə üzləşmiş tarixi sənədlərlə tanış olublar. Kolleksiyaçı sərgi boyu tələbələrə hər bir şəkil və sənəd haqqında maraqlı məlumatlar verib. Qeyd edək ki, Dilqəm Əhməd həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair bilgiləri özündə birləşdirən, böyük uğur qazanmış "Fərqlilər" və "Mühacirlərin dönüşü" kimi kitabların müəllifidir.