Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib Hadisə

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun jurnalist təşkilatları üçün keçirdiyi "Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanının müzakirəsi və təsdiqi.
2. Fondun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqi.
3. Cari məsələlər.
Gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalist təşkilatları üçün təşkil olunan ənənəvi müsabiqənin mediada ədəbi dilin normalarının qorunması və kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. Vüqar Səfərli "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularını əhatə edən müsabiqənin mayın 4-dən 22-dək keçiriləcəyini, hər istiqamət üzrə qalib olacaq təşkilata layihənin icrası üçün mərhələli şəkildə 20 min manat maliyyə vəsaitinin ayrılacağını bildirib.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov müsabiqənin kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunması, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aşkar olunaraq aradan qaldırılmasına xidmət edən maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Müzakirələrin sonunda müsabiqə elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.
İcraçı direktor Vüqar Səfərli gündəlikdəki ikinci məsələ barədə məlumat verərək bildirib ki, Fondun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Ayaz Mirzəyev və Ramiz Əskər ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.