Səyyar “ASAN xidmət” yeni məntəqələrdə Hadisə

Səyyar “ASAN xidmət” yeni məntəqələrdə

Səyyar "ASAN xidmət" aprelin 20-dən mayın 19-dək Şirvan şəhərində, aprelin 23-dən mayın 7-dək Binə qəsəbəsində, mayın 1-dən 15-dək Ağdaş, Qovlar şəhərlərində, mayın 1-dən 25-dək Şabran rayonunda, mayın 1-dən 30-dək Biləsuvar, Zaqatala şəhərlərində, mayın 7-dən 26-dək Ağstafa rayonunda, mayın 8-dən iyunun 6-dək Xırdalan şəhərində, mayın 10-dan iyunun 9-dək İmişli rayonunda, mayın 11-dən 25-dək Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.