“Vəziyyət ciddi şəkildə nəzarətə götürülməlidir” Hadisə

“Vəziyyət ciddi şəkildə nəzarətə götürülməlidir”

İyunun 19-da İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə bu sahədəki vəziyyətin ürəkaçan olmadığından xəbər verir. Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli bildirib.
BAXCP funksioneri iyunun 10-da Saatlı rayonundakı pambıq tarlalarının birində baş verən kütləvi zəhərlənmədən sonra dövlət başçısı tərəfindən gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verildiyini xatırladıb: "Lakin buna baxmayaraq lazımi tədbirlər görülmədi və kütləvi zəhərlənmə faktı yenidən, həm də iki dəfə - Tərtər və İmişlidə - təkrarlandı. Bu isə cavabdeh qurumların öz işlərinə səhlənkar yanaşdığının, vəzifələrinin və verilən tapşırıqların öhdəsindən gələ bilmədiklərinin göstəricisidir. Hesab edirik ki, mövcud vəziyyət ciddi şəkildə nəzarətə götürülməli, vəzifə səlahiyyətlərinin icrasında səhlənkarlığa və məsuliyyətsizliyə yol vermiş şəxslər cəzalandırılmalı, bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməli, pambıq tarlalarında ilkin tibbi yardım və istirahət üçün şərait yaradılmalıdır".