Hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb Hadisə

Hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb

Azərbaycanda hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təminatında problemlər yaranıb. Bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib. Onun sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, hemofiliyalı xəstələrin dərmanla təminatında çatışmazlıqlar müşahidə edilir: "Bu problem indiyədək həllini tapmadığından xəstələrin dərmanla təminatı məsələsi indi daha da çətinləşib. Xəstələrə verilən dərmanların həcmi getdikcə azalır. Bu isə xəstələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Hemofiliyalı xəstəyə qanaxma olmadan həmin preparat vurulmalıdır ki, o, əlilliklə üzləşməsin. Əslində, Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş "2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı"nda da belə problemlərin yaranmaması üçün profilaktik tədbirlərin icrasına geniş yer verilib".
Assosiasiya rəhbəri dərman çatışmazlığı probleminin bu ilin sonuna qədər davam edə biləcəyindən ehtiyat etdiyini və belə olarsa, bunun ciddi problemlər yarada biləcəyini də söyləyib. G.Hüseynova əlavə edib ki, məsələ ilə əlaqədar dünən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili söbəsinin müdir müavini Nabil Seyidovla görüşüb. Onun sözlərinə görə, görüşdə hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təchizatı, fizioterapiya xidmətinin yaxşılaşması, regionlarda bu sahə üzrə tibbi kadrların təkmilləşməsinə dair müzakirələr aparılıb: "Nazirliyin nümayəndəsi tərəfindən qeyd edildi ki, son vaxtlar faktor konsentratlarının çatışmazlığı tələbatın çoxalması ilə əlaqədardır. Hemofiliyalı xəstələr üzərində edilən cərrahi əməliyyatlar da profilaktik müalicə üçün sərf olunan faktor konsentratlarının həcminin azalmasına səbəb olub. Bu ilin təcrübəsi 2019-cu ildə tələbatlar müəyyənləşdirilərkən nəzərə alınacaq. O, gələn il ərzində xəstələrin həyat keyfiyyətinin yaxşılaşması üçün faktor konsentratlarının artırılmasının nəzərdə tutulduğunu söyləyib".
Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.