Sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlər artıb Hadisə

Sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlər artıb

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin statistikası açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43 220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 833 olub ki, bu rəqəmdə də artım qeydə alınıb. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 100 nəfərdən çox olub.
Qeyd edilən müddətdə ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101 098, hospitalizasiya 8 768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2 541, hospitalizasiya 2 220 olub. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1 907, hospitalizasiya1 887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 679, hospitalizasiya 11 553 olub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.
Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13 665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1 632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1 417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.