Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir Hadisə

Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir

Oktyabrın 16-da Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir. Tədbirdə əvvəlcə Dünya Ərzaq Günü ilə əlaqədar videoçarx nümayiş etdirilib. Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silvanın Dünya Ərzaq Günü ilə bağlı videomüraciəti göstərilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Dünya Ərzaq Günü hər il müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyd edilir. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini ərzaq məsələsinə yönəltməkdən ibarətdir.
Qeyd olunub ki, dünyada 100 milyondan çox insan özünü ərzaqla kifayət qədər təmin edə bilmir. Dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir, 1,3 milyard dollardan çox ərzaq itkisinə yol verilib. Bu problemlərin aradan qalxması üçün dünya dövlətləri sıx əməkdaşlıq etməli, ərzaq təminatı məsələsini birlikdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyanın 194 ölkəsini bir araya gətirən FAO-nun ərzaq təminatı istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Bununla əlaqədar olaraq müxtəlif proqramlar icra edilir.
FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak diqqətə çatdırıb ki, ərzaqla bağlı keçirilən aksiyalar gələcəyimizin təminatına yol açır. Bu gün Afrika qida çatışmazlığının ən çox yayıldığı qitə olaraq qalır. Bu, 256 milyondan çox insan deməkdir. Birgə səylərlə dünyada aclıq problemini aradan qaldırmaq mümkündür. Mələk Çakmak Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dünya ölkələrinin ərzaqla bağlı problemi qlobal səviyyədə həll etməsi önəmlidir. Buna görə də bütün dünya üzrə ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir. Ərzaq təhlükəsizliyi məsələsi qlobal səviyyədə həll olunmalıdır. Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən, dünyada hər on nəfərdən bir insan qidadan zəhərlənir. Ölkəmizdə belə problemlərin qarşısının alınması üçün ciddi işlər görülüb. Azərbaycan rəhbərliyi tərəfindən bu istiqamətdə konkret addımlar atılıb.