“Tora düşənlər çox olacaq...” Hadisə

“Tora düşənlər çox olacaq...”

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni səlahiyyət əldə etdikdən sonra nəqliyyat sferasında bir sıra yeniliklər etməyə başlayıb. Bu yeniliklərdən biri də şəhərdə tıxacların qarşısının alınması məqsədilə edilib.
Belə ki, bir neçə yolayrıcında sarı torlar çəkilib ki, tıxac olduqda sürücülər qarşı yoldan gələn avtomobillərin hərəkətlərinə maneə törətməmək üçün yolayrıcına daxil olmasın. Tıxac zamanı sarı tora daxil olanlar sürücüləri isə 60 manat 3 bal məbləğində cərimə gözləyir.
Maraqlıdır, bu barədə şəhər sakinləri necə düşünürlər? Həqiqətən də BNA-nın bu yeniliyi tıxacların qarşısını almağa təsir edəcəkmi? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.
Sorğuda iştirak edənlərin cavabları birmənalı olmayıb. Bəziləri sarı torun effektiv olacağını hesab etsə də, əksini düşünənlər də var. Aldığımız cavabları olduğu kimi təqdim edirik:
Könül Knyazova: "Tıxacın qarşısı alınmayacaq. Tıxacın qarşısını almaq uçün yol kənarlarına saatlarla park edilmiş maşınları, boş-bekar dayanmış taksiləri yığışdırmaq lazımdır".
Zəhra Banu: "Bəli, bu yenilik tıxacların qarşısını alacaq. Öncə sual yaranır: Bu tıxacı, əsasən kimlər yaradır? Təbii ki, öz sırasını gözləməyən sürücülər. İndi bu tor onlara imkan verməyəcək".
Rüzgar Hüseynov: "Bu praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. Polis nəzarəti güclü olsa, bu yenilik öz effektivliyini göstərəcək".
Böyükağa Cəfərov: "Sürücü yol ayrıcına girmə və çıxma qaydalarını bilmirsə, bunun da köməyi olmayacaq. Bizim sürücülərlə bu, mümkün olan iş deyil. İstər-istəməz bu tora düşənlər çox olacaq".
Azər Əmiraslanov: "Bir çox ölkələr bu praktikadan çoxdan istifadə edir. Təbii ki, faydası olur. Bu qayda hər kəs üçün vacib olsa, bəzilərinə göz yumulmasa, nəticə yaxşı olacaq".
Novruz Novruzov: "Özlərindən təzə hoqqa çıxardırlar. Bilmirlər, əlavə necə gəlir yeri əldə etsinlər".
Nəbi Babaşov: "Bunun DYP-yə çox böyük təsiri olacaq. Cərimələrdən lap çox pul qazanacaqlar".
Emin Bağırov: "Boş şeydir. Bu yeni qaydaları yaratmaqda bir məqsədləri var: Cibə girmək. Ölkədə nəqliyyat sektoru iflic vəziyyətdədir".
Rüstəm Hüseynov: "Sürücülər əməl etsələr, az da olsa, xeyri olacaq".
Əli Əliyev: "Moskva şəhərində də bu torlardan var, amma effektli deyil".
Ziya Səfərli: "Sarı torsuz da yolayrıcında tıxac zamanı daxil olmamaq qaydası "Yol hərəkəti haqqında" qanunda çoxdan var. Amma nəticə yoxdur. Məncə, nəzərəçarpacaq təsiri olmayacaq".
Natiq Kərəmov: "Cərimə yazmaq üçün qurulmuş tordur".