Telekanalın fəaliyyəti dayandırılıb Hadisə

Telekanalın fəaliyyəti dayandırılıb

Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
İclasda "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 11 dekabr 2013-cü il tarixdə bitib. "AYGÜN" Müstəqil Televiziya və Radio Kompaniyası "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməyib, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim edib.