XİN sərhədlərin açılacağına inanmır Hadisə

XİN sərhədlərin açılacağına inanmır

Elman Abdullayev: "Ermənistanla sərhədi açmasının heç bir ehtimalı olmayıb"

"Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və Azərbaycanın xeyrinə həmişə düzgün qərarlar verib". Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
O bildirib ki, Türkiyənin Ermənistanla sərhədi açmasının heç bir ehtimalı olmayıb: "Bununla bağlı yalançı və həqiqətə uyğun olmayan yazılar, məqalələr dərc oluna bilər. Təbii ki, bu da ermənilər reallaşdırmaq istədiyi arzularıdır. Lakin Türkiyə həmişə bizimlədir və ermənilərin Azərbaycana qarşı törətdiyi işğalçılıq faktını tanıyır və bunun təbliğində bizə dəstəkdir. Bu cür yazıların əsası yoxdur".
E.Abdullayev əlavə edib ki, bu gün Azərbaycan diplomatiyası özünün yüksəliş dövrünü yaşayır: "Əminliklə deyə bilərik ki, biz "erməni lobbisi" anlayışını sındırmağa müvəffəq ola bilmişik. Bu da Azərbaycanın uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Məhz çox qısa zaman ərzində diplomatiya sahəsində irəliləyən 2-ci bir dövlət deyə bilərəm ki, yoxdur. Bu gün Azərbaycanın 85 konsulluğu və 57 səfirliyi var. Onların hər biri xarici siyasətimizin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əllərindən gələni edirlər".