İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub Hadisə

İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub

İsmayıllı Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla əlaqədar müəyyən edilən tədbirlərin icra vəziyyətinə həsr olunan müşavirə keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd edib ki, qışa hazırlıq işləri mövsümə iki ay qalmış başlayıb. Sentyabrın sonunda məsələ RİH başçısının yanında şura iclasında müzakirə edilib. İclasda konkret vəzifələr müəyyənləşdirilib, nəzərdə tutulan tədbirlərin icrasına nəzarət etmək məqsədilə qərargah yaradılıb. Vurğulanıb ki, məktəblərdə, səhiyyə ocaqlarında, mədəniyyət müəssisələrində qış mövsümündə normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov görülən işlərə, problemlərə, çatışmazlıqlara və nöqsanlara dair təhlili arayışla çıxış edib.
Rayon elektrik şəbəkəsinin rəisi Şahin Muradov, qaz istismarı sahəsinin rəisi Söhrab Səfərov, su-kanal idarəsinin nümayəndəsi Xaspolad Ağayev, 9 saylı "Yol-istismar" MMC-nin direktoru Rəşad Kərimov, təhsil şöbəsi müdirinin müavini Rahim Baxışov və başqaları cavabdeh olduqları sahələr üzrə görülən işlərə dair ətraflı məlumat veriblər.