Bu il Xalça Muzeyini 110 min insan ziyarət edib Hadisə

Bu il Xalça Muzeyini 110 min insan ziyarət edib

Azərbaycan Xalça Muzeyinin fəaliyyəti bu il bir sıra yeniliklərlə və nailiyyətlərlə yadda qalıb. Xalça Muzeyindən bildirilib ki, il ərzində muzeyin kolleksiyaları yenilənib, ziyarətçilərin sayı artıb və beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirilib. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, bu il isə 110 minə çatıb. Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Bu il Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan "Xətai" (Əjdahalı), "Naxçıvan" və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm "Hacıqayıb" xalçasını muzeyə hədiyyə edib. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid "Sırt-Çiçi" və Bakı qrupuna aid "Xilə-buta" satın alınaraq muzeyin kolleksiyasına daxil edilib.
Muzey tərəfindən həm ölkəmizdə, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olunub. Bunlar sırasında muzey keçirilən sərgilər - Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s. eləcə də xarici sərgi layihələri - Vyanada "Uçan xalça", Moskvada "Yeddi gözəl", Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var.
Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığı genişləndirib. Muzeyin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak ediblər. Bu il Xalça Muzeyində iki böyük beynəlxalq tədbir keçirilib. Onlardan biri Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin "Dekorativ sənət və interyer" adlı konfransı, digəri isə "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili–naxışlar" simpoziumu idi. Simpozium çərçivəsində elmi konfrans, ustad dərsləri, moda nümayişi, ənənəvi və müasir keçə məmulatlarından ibarət sərgilər, muzeyin kolleksiyasından tikmə haqqında kitabın təqdimatı keçirilib. Tədbirə 22 ölkədən 80-dən artıq iştirakçı qatılıb.
Ötən illərdə olduğu kimi, bu ildə də muzey işinin müxtəlif sahələrində peşəkarlar üçün xarici mütəxəssislər tərəfindən treninqlər və arzu edən hər kəs üçün ödənişsiz mühazirələr keçirilib. Həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün könüllü proqramı və muzey təcrübəsi də uğurla davam etdirilib. Muzey kiçik ziyarətçiləri də unutmayıb: onlar üçün yeni ekskursiya və ustad dərslərindən ibarət "Art şənbə" layihəsi hazırlayıb, həmçinin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanan kvestlər (komanda yarışları) təşkil edib.
Muzeyin fəaliyyəti yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən də yüksək qiymətləndirilib. Bu il Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey, həmçinin Avropa Muzey Forumu tərəfindən "Avropanın ən yaxşı muzeyi 2018" mükafatına namizədlər arasında idi. O, burada "Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə" sertifikatı ilə təltif olunub. İki il ardıcıl olaraq, muzey dünyanın ən yaxşı muzeyi kimi "TripAdvisor"un "Mükəmməllik sertifikatı"na layiq görülüb.