"Ermənistanın önündəki əsas hədəf sülh olmalıdır" Gündəm

"Ermənistanın önündəki əsas hədəf sülh olmalıdır"

Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm yer tutan Ermənistanda keçirilən parlament seçkiləri, ölkənin gələcək siyasi kursu və regional sabitlik baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Seçki prosesinin rəsmi nəticələri bəlli olsa da, cəmiyyətdə və siyasi düşərgədə müşahidə olunan qütbləşmə, hakimiyyət-müxalifət arasında yaşanan legitimlik mübahisələri ölkəni çalxantılı bir dönəmlə üz-üzə qoyub.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, iyunun 7-də keçirilən parlament seçkiləri ilə bağlı əsas prosedurlar artıq başa çatıb, Mərkəzi Seçki Komissiyası nəticələri açıqlayıb və parlament çoxluğunun hansı siyasi qüvvə tərəfindən formalaşdırılacağı müəyyənləşib: “Hazırkı mərhələdə Ermənistanda baş verənləri tam miqyaslı siyasi böhran kimi qiymətləndirmək doğru olmaz.
Əsas məsələ seçkidən sonra legitimlik mübahisələrinin, hakimiyyət-müxalifət qarşıdurmasının və bəzi xarici təsirlərin yaratdığı siyasi gərginliyin müşahidə olunmasıdır. Lakin seçkilərin nəticələrinin dəyişdirilməsi ehtimalı inandırıcı görünmür. Çünki Ermənistan seçicisi müharibə və revanşist çağırışlardan daha çox sülh gündəliyinə üstünlük verdiyini nümayiş etdirib. Hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə parlament çoxluğunu qazandığını və mandatının legitim olduğunu bildirir, müxalifətin bir hissəsi isə nəticələrin obyektivliyini şübhə altına alır.
Seçkilərdən sonra bu cür proseslər müxtəlif ölkələrdə də müşahidə olunur. Gürcüstan nümunəsində gördük ki, parlament formalaşsa da, müxalifət uzun müddət nəticələri qəbul etməyərək etiraz aksiyaları keçirə bilər. Bu baxımdan Ermənistanda da müəyyən siyasi qarşıdurmanın davam etməsi mümkündür, lakin bunun seçkilərin yenidən keçirilməsinə gətirib çıxaracağı real görünmür”.
A.Nağıyev Ruben Rubinyanın müxalifə "nəicələri tanımırsınızsa, mandatdan imtina edin” çağırışına da münasibət bildirib: “Bu, hakimiyyət tərəfindən siyasi ardıcıllıq tələbi kimi qiymətləndirilə bilər. Əgər hər hansı siyasi qüvvə seçkinin saxtalaşdırıldığını iddia edirsə, həmin seçkinin verdiyi mandatdan istifadə etməsi müəyyən suallar yaradır. Amma mandatlardan imtina parlamentdə təmsilçiliyin zəifləməsinə və siyasi mübarizənin küçə müstəvisinə keçməsi riskinə səbəb ola bilər. Ermənistanda gələcək siyasi proseslər əsasən müxalifətin qərarlarından asılı olacaq.
Əgər müxalifət cəmiyyəti kütləvi etirazlara cəlb edə bilsə, müəyyən gərginlik yarana bilər. Lakin Ermənistanın hazırkı vəziyyətində əsas prioritetlər başqa istiqamətlər olmalıdır. Ölkə Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, iqtisadi problemlərin həlli və Avropa ilə əlaqələrin inkişaf etdirilməsi kimi məsələlərə fokuslanmalıdır”.
Millət vəkili hesab edir ki, müxalifətin parlamentdə fəaliyyət göstərməsi siyasi proseslərin institusional çərçivədə davam etməsinə imkan verə bilər: “Əgər əsas müxalif qüvvələr mandatlarından imtina edərək seçkinin legitimliyini tam rədd etsələr, parlamentin təmsilçilik imkanları ilə bağlı mübahisələr yarana bilər və siyasi qarşıdurma parlamentdən kənara çıxa bilər. Lakin düşünürəm ki, proseslər tədricən səngiyəcək və yeni parlament Paşinyanın rəhbərliyi ilə formalaşacaq”.

Hüquqi və siyasi reallıqlar

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı isə bildirib ki, müxalifətin parlamentə daxil olub-olmaması ölkənin əsas siyasi müzakirə mövzularından birinə çevrilib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən, deputat mandatından imtina prosesi kifayət qədər mürəkkəb hüquqi prosedur tələb edir: “Seçki siyahısında yer alan hər bir namizəd mandatdan yalnız fərdi qaydada və yazılı ərizə ilə imtina edə bilər. Siyasi partiya və ya blok onların adından belə qərar qəbul etmək səlahiyyətinə malik deyil. Hətta müxalifət mandatlardan imtina etmək qərarı versə belə, həmin yerlər hakim “Vətəndaş Müqaviləsi” Partiyasına verilməyəcək. Bu halda parlamentdə müxalifətə aid yerlər boş qalacaq və parlament seçkilərin nəticələrinə uyğun şəkildə formalaşmış hesab olunacaq. Yəni yeni seçkinin keçirilməsi üçün hüquqi zərurət yaranmayacaq”.
Millət vəkili vurğulayıb ki, məsələnin əsas nəticəsi hüquqi deyil, siyasi xarakter daşıyır: “Müxalifətin mandatlardan imtinası Ermənistanda ciddi siyasi böhrana səbəb ola bilər. Hakimiyyətin böhrandan çıxış yolu tapmaq üçün atacağı addımlar isə problemin həlli deyil, daha çox onun nəticələri ilə mübarizə cəhdi olacaq”.
O, həmçinin Moskvanın seçkilərdən sonra İrəvana münasibətinə diqqət çəkərək bildirib ki, Rusiya tərəfindən təbrik mesajları əvəzinə sərt reaksiyaların səslənməsi Ermənistandakı siyasi proseslərə əlavə təsir göstərir.
Tənzilə Rüstəmxanlının fikrincə, revanşist qüvvələrin ən radikal simalarından biri olan Robert Köçəryanın həbsi də göstərir ki, Baş nazir Nikol Paşinyanın komandasının sülh istiqamətində yürütmək istədiyi siyasi kursu dayandırmaq asan olmayacaq.

Günel Elxan