Uşaqlar ekranla deyil, həyatla böyüməlidir: müasir təhsildə texnologiya və reallıq balansı Gündəm

Uşaqlar ekranla deyil, həyatla böyüməlidir: müasir təhsildə texnologiya və reallıq balansı

Müasir dövrdə rəqəmsal texnologiyaların geniş yayılması təhsil üçün yeni imkanlar yaratsa da, uşaqların sosial, psixoloji və fiziki inkişafında bir sıra ciddi risklər ortaya çıxarıb. Dörd divar və ekran arasında sıxılıb qalan uşaqlarda diqqət dağınıqlığı, canlı ünsiyyət vərdişlərinin zəifləməsi, empati hissinin azalması və hərəkətsiz həyat tərzi kimi problemlər müşahidə olunur. Təhsil ekspertləri vurğulayırlar ki, bu vəziyyətin həlli texnologiyanı qadağan etməkdən deyil, ondan məqsədyönlü istifadə mədəniyyəti formalaşdırmaqdan və şagirdləri alternativ real həyat fəaliyyətlərinə cəlb etməkdən keçir. Əsas hədəf uşaqların virtual aləmdən qopub məktəb həyətinə, təbiətə və canlı ünsiyyət mühitinə qayıtmasını təmin etməklə, onlarda əməyə və məsuliyyətə bağlılıq formalaşdırmaq, həmçinin hərtərəfli şəxsiyyət kimi böyümələrinə zəmin yaratmaqdır.

“Uşaqlar ekranla deyil, həyatla böyüməlidir”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib ki, bu gün ən böyük ağrılarımızdan biri uşaqlarımızın dörd divar və bir ekran arasında sıxılıb qalmasıdır.
O qeyd edib ki, bir vətəndaş olaraq bu problemi hər gün narahatlıqla müşahidə edirəm: “Reallığı gizlətmədən etiraf etməliyik ki, rəqəmsal asılılıq uşaqların təkcə sağlamlığına deyil, onların düşüncə tərzinə, sosial bacarıqlarına və gələcək inkişafına ciddi təsir göstərir. Rəqəmsal dünyanın sürətli və daim dəyişən təbiəti uşaqların diqqət müddətinə təsirsiz ötüşmür.
Sinifdə müəllim dərsi izah edərkən bəzi uşaqların diqqətindəki dağınıqlığı görmək mümkündür. Çünki telefon və digər rəqəmsal platformalar uşağa saniyələr içində dəyişən, rəngarəng informasiya təqdim edir. Halbuki dərs oxumaq, araşdırmaq və öyrənmək səbir, diqqət və zəhmət tələb edir. Bu fərq uşaqların öyrənmə vərdişlərinə mənfi təsir göstərir”.

Ə.Həsənlinin sözlərinə görə, problem yalnız təhsillə məhdudlaşmır, uşaqların sosial inkişafı da bundan təsirlənir: “Şəhər mühiti uşaqları həyət mədəniyyətindən, canlı ünsiyyətdən uzaqlaşdırıb. Əvvəllər uşaqlar həyətdə oynayaraq, dostları ilə münasibət quraraq, müxtəlif situasiyaları yaşayaraq həyat təcrübəsi qazanırdılar. Bu gün isə bir çox uşaq enerjisini və vaxtını ekran qarşısında keçirir. Nəticədə canlı ünsiyyət bacarıqları zəifləyir, empati hissi azalır, sosiallaşma prosesi çətinləşir. Fiziki aktivliyin azalması da uşaqların inkişafına mənfi təsir göstərən əsas amillərdəndir.Hərəkətsiz həyat tərzi uşağın həm fiziki, həm də zehni fəaliyyətinə təsir edir. Fiziki aktivliyi olmayan uşaqdan yüksək öyrənmə potensialı gözləmək düzgün deyil”.
Ekspert vurğulayıb ki, çıxış yolu texnologiyanı tamamilə qadağan etmək deyil, ondan düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır: “Biz uşaqları texnologiyadan tam uzaqlaşdıra bilmərik və buna ehtiyac da yoxdur. Əsas məsələ onlara smartfondan yalnız vaxt keçirmək üçün deyil, öyrənmək, yaratmaq və inkişaf etmək üçün istifadə etməyi öyrətməkdir. Məktəb mühiti uşaqlar üçün daha cəlbedici və yaradıcı olmalıdır.
Uşağı ekrandan uzaqlaşdırmağın ən effektiv yolu ona daha maraqlı alternativ təqdim etməkdir. Məktəb dərnəkləri real fəaliyyət göstərməli, idman, yaradıcılıq, robototexnika, teatr və digər istiqamətlər üzrə imkanlar genişləndirilməlidir. Məktəb həyətləri daha aktiv və yaşıl məkanlara çevrilməli, açıq havada dərslər, ekskursiyalar və komanda oyunları təhsil prosesinin bir hissəsi olmalıdır. Uşaqların real dünyada uğur və ünsiyyət təcrübəsi qazanması onların virtual aləmə həddindən artıq bağlanmasının qarşısını ala bilər.Əgər uşağa enerjisini və potensialını canlı şəkildə ifadə etmək imkanı yaratsaq, o özü virtual dünyadan real həyata yönələcək. Çünki heç bir ekran canlı ünsiyyəti, dostluğu və birgə əldə edilən uğurun verdiyi hissi əvəz edə bilməz”.

Müasir təhsilin hədəfi

Təhsil eksperti Elmin Nuri bildirib ki, müasir təhsil prosesində şagirdlərin yalnız akademik biliklərinin deyil, həm də psixoloji, fizioloji və sosial inkişafının nəzərə alınması vacibdir. Ekspert qeyd edib ki, tarixən güclü pedaqoqlar təhsil prosesində psixoloq və digər mütəxəssislərlə birgə çalışaraq uşaqların yaş xüsusiyyətlərini, fiziki və zehni inkişaf ehtiyaclarını nəzərə alıblar: “Bu gün təhsil məsələsinə yalnız dərs və bilik prizmasından yanaşmaq düzgün deyil. Şagirdin sağlam inkişafı üçün onun psixoloji vəziyyəti, fiziki aktivliyi, təmiz hava və təbii mühitlə əlaqəsi də mühüm amillərdir. Vaxtilə pedaqoqlar, psixoloqlar və fizioloqlar birlikdə çalışaraq müəyyən yaş qruplarına aid uşaqların gün ərzində açıq havada olması, günəş işığından faydalanması kimi məsələləri nəzərə alırdılar. Uşaqların uzunmüddətli tətil dövründən sonra məktəb mühitinə uyğunlaşması da onların həyat tərzi ilə birbaşa bağlıdır. Şagirdin yay aylarında kifayət qədər günəş işığı alması, səhər təmiz havada olması, fiziki aktivliyi onun sentyabr ayında dərs prosesinə adaptasiyasına təsir göstərir. Bu kimi məqamlar bəzən diqqətdən kənarda qalır, amma uşağın ümumi inkişafında mühüm rol oynayır”.
Ekspertin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı təhsil üçün böyük imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də artırır: “Bu gün rəqəmsal dünya, elektron təhsil imkanları həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlayn kurslar, dünya universitetlərinin təhsil proqramları insanlara yeni imkanlar yaradır. Lakin rəqəmsal mühitdən düzgün istifadə etmək lazımdır. Şagirdin bütün həyatını virtual aləmə bağlaması onun sosial, psixoloji və fiziki inkişafına mənfi təsir göstərə bilər.
Məktəblərdə dərsdənkənar fəaliyyətlər və şagirdlərin real mühitlə əlaqəsi daha da gücləndirilməlidir.
Şagirdləri məktəb həyətinə, təbiətə, real fəaliyyət mühitinə qaytarmaq lazımdır. Xüsusilə bölgələrdə bunun üçün böyük imkanlar var. Vaxtilə məktəblərin öz təsərrüfat sahələri olurdu və bu, sadəcə kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulmurdu. Bu, uşaqların əməyə, təbiətə, məsuliyyətə və real həyata bağlılığını formalaşdıran mühüm pedaqoji yanaşma idi”.
Ekspert bildirib ki, müasir təhsilin əsas məqsədlərindən biri də texnologiya ilə insan amili arasında balans yaratmaqdır: “Rəqəmsal imkanlardan istifadə etməklə yanaşı, uşaqları real münasibətlərə, sosial ünsiyyətə və həyat bacarıqlarına hazırlamaq lazımdır. Şagirdi reallıq mühitinə gətirdikdə onun daha səmimi, sosial və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına şərait yaradırıq”.

Günel Elxan