
Dörd aya yaxın davam edən ABŞ-İran müharibəsində razılaşma əldə edilib. Tərəflər arasında sülh sazişinin perspektivi son günlər ekspertlər arasında əsas müzakirə mövzularındandır. Bir çoxları əldə edilən sülh sazişinin davamlı olmayacağını qeyd edirlər. Bunu isə yalnız zaman göstərəcək.
“Xalq Cəbhəsi” bundan sonra prosesin necə olacağı, bu sülhün davamlı olub-olmayacağı ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Politoloq Aytən Qurbanova deyib ki, ABŞ və İran arasında razılaşmasının əldə olunması beynəlxalq münasibətlər sistemində yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: “Onilliklər ərzində qarşıdurma, qarşılıqlı sanksiyalar, nüvə proqramı ətrafında yaranmış gərginlik və regional rəqabət iki ölkə arasındakı münasibətləri Orta Şərqin təhlükəsizlik gündəliyinin əsas elementlərindən birinə çevirib. Ona görə də tərəflər arasında əldə olunacaq hər hansı razılaşma yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərə biləcək strateji hadisə kimi dəyərləndirilməlidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ və İran arasında münasibətlərin yumşalması Yaxın Şərqdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azalda bilər”.
“Qəti nəticə çıxarmaq tezdir”
A.Qurbanova qeyd edib ki, son illərdə region müxtəlif münaqişələr, proksi qarşıdurmalar və enerji təhlükəsizliyi ilə bağlı böhranlarla üzləşib: “Tərəflər arasında dialoqun bərpası regional sabitliyə xidmət etməklə yanaşı, beynəlxalq enerji bazarlarında da nisbi sabitliyin formalaşmasına müsbət təsir göstərə bilər. Digər tərəfdən isə sülh razılaşmasının davamlı xarakter alacağı barədə qəti nəticə çıxarmaq hələ tezdir. ABŞ və İran arasında etimad böhranı uzun illər ərzində formalaşıb və bu amil istənilən razılaşmanın ən həssas tərəfi olaraq qalır. Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyətlərin dəyişməsi, regional böhranların yaranması və ya tərəflərin təhlükəsizlik maraqlarına toxunan hadisələr əldə edilmiş razılaşmaların taleyini sual altına qoya bilir. Məhz buna görə də gələcək dövrdə əsas məsələ sənədin imzalanması deyil, onun institusional mexanizmlərlə təmin olunaraq praktik şəkildə icra edilməsidir”.
Yeni siyasi reallıqlar
Onun sözlərinə görə, geosiyasi baxımdan yanaşdıqda bu proses region ölkələrinin davranışlarına da təsirsiz ötüşməyəcək: “İranın beynəlxalq təcriddən qismən çıxması onun iqtisadi və siyasi imkanlarını genişləndirə bilər. Bu isə bəzi regional güclərin strateji hesablamalarına yenidən baxmasına səbəb olacaq. Həmçinin ABŞ-nin Orta Şərqdə hərbi-siyasi yükünü azaltmaq və diqqətini digər prioritet istiqamətlərə yönəltmək istəyi də bu prosesin əsas motivlərindən biri kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, ABŞ və İran arasında mümkün sülh razılaşması Orta Şərqdə yeni siyasi reallıqlar formalaşdırmaq potensialına malikdir. Digər tərəfdən isə dərin etimadsızlıq mühiti, regional rəqabət və qlobal güclərin maraqlarının toqquşması bu prosesin mürəkkəb və uzunmüddətli xarakter daşıyacağını ehtimal etməyə şərait yaradır”.
Fundamental fikir ayrılıqları
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, bu razılaşmanı ABŞ və İran arasında bütün problemlərin həlli kimi deyil, daha çox yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirmək lazımdır: “Əvvəla, nəzərə almaq lazımdır ki, Vaşinqton və Tehran arasında qarşıdurmanın kökləri təkcə son aylarda yaşanan hadisələrlə bağlı deyil. Tərəflər arasında nüvə proqramı, regional nüfuz uğrunda rəqabət, sanksiyalar, İsrail amili və İranın regiondakı müttəfiq qüvvələrə münasibəti kimi fundamental fikir ayrılıqları mövcuddur. Buna görə də əldə olunan razılaşma hərbi gərginliyi azaltsa da, bu ziddiyyətləri avtomatik şəkildə aradan qaldırmır”.
Yeni böhran riskləri
V.Zifəroğlu söyləyib ki, prosesin növbəti mərhələsində tərəflərin qarşılıqlı etimadın bərpasına çalışacağı gözlənilir: “ABŞ müəyyən iqtisadi və maliyyə məhdudiyyətlərinin yumşaldılması imkanlarını nəzərdən keçirə bilər. İran isə öz növbəsində regionda gərginliyi artıracaq addımlardan çəkinməyə və nüvə proqramı ilə bağlı daha şəffaf davranmağa məcbur olacaq. Məhz bu mərhələdə tərəflərin öhdəliklərə nə dərəcədə əməl etməsi razılaşmanın taleyini müəyyənləşdirəcək. Ən mühüm məsələ isə İranın nüvə proqramı olaraq qalır. ABŞ və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Tehran isə uranın zənginləşdirilməsi hüququnun ölkənin suveren hüququ olduğunu bildirir. Əgər bu məsələ üzrə qarşılıqlı qəbul edilə bilən kompromis əldə olunmasa, hazırkı razılaşmanın gələcəkdə yeni böhranlarla üzləşməsi mümkündür”.
İsrail faktoru
Ekspertin fikirlərinə görə, digər tərəfdən, İsrail faktoru da xüsusi əhəmiyyət daşıyır: “İsrail rəhbərliyi İranın hərbi və nüvə potensialına qarşı sərt mövqeyini qoruyur. Bu səbəbdən Vaşinqton və Tehran arasında münasibətlərin normallaşması belə, regiondakı bütün riskləri aradan qaldırmır. Əksinə, gələcək prosesdə ABŞ-nin İranla dialoqu ilə İsrailin təhlükəsizlik narahatlıqları arasında balans tapılması əsas məsələlərdən biri olacaq. Bu səbəbdən demək olar ki, yaxın perspektivdə əldə olunan sülhün qorunması ehtimalı yüksəkdir. Lakin onun uzunmüddətli və davamlı xarakter alması nüvə proqramı, sanksiyalar, İsrail amili və regional təhlükəsizlik məsələləri üzrə əldə olunacaq yeni razılaşmalardan asılı olacaq. Hazırkı saziş Yaxın Şərqdə sabitliyə doğru mühüm addım olsa da, hələlik tərəflər arasında tam və strateji barışıqdan danışmaq üçün kifayət qədər əsas yoxdur. Bu, daha çox gələcək danışıqlar üçün yaradılmış siyasi imkan pəncərəsi kimi qiymətləndirilməlidir”.
“Əbədi müharibə olmur”
Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlunun sözlərinə görə, hər kəs anlayır ki, əbədi müharibə olmur: “Üstəlik Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatına çox ciddi zərbə vurur. Məsələ təkcə neft və ya qaz qiymətlərindən getmir. Bu, bütün sahələrə mənfi təsir edir və etməkdə davam edəcək. Bu səbəbdən də hansısa formada razılaşmanın əldə olunması gözlənilirdi”.
K.Rövşənoğlu bildirib ki, əslində, bu mövqe aprelin 8-dən var: “Sadəcə hər iki tərəfi qane edən variantın tapılması, ya da qəbul etməsi zaman aldı. Burada problem yaradacaq İsrail, yəni Netanyahu hökumətidir, Livandan çıxmaqdan imtina etməklə prosesə maneə yarada bilər. Lakin hər kəs anlayır ki, ABŞ-nin dəstəyi olmadan İsrail təkbaşına Yaxın Şərqdə işğal siyasətini davam etdirə bilməz. Buna görə də İsrail bir şəkildə razılaşmalı olacaq”.
Röya İsrafilova