
Almaniya ordusunun baş komandanı, general-leytenant Kristian Freydinqin Rusiyanın 2029-cu ilədək və ya daha tez Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrindən birinə hücum etmək imkanına sahib ola biləcəyi barədə açıqlaması ətrafında müxtəlif fikirlər irəli sürürlür. Son illər Rusiya-NATO münasibətlərində olan gərginlik bunun baş verə bilmə aktuallağını artırır.
Bu ehtimal nə qədər realdır?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.
Politoloq Abutalıb Səmədov deyib ki, Ukrayna müharibəsində Rusiya çox ağır yaralar aldı: “Milyondan artıq canlı qüvvə itirildi, iqtisadiyyat ciddi şəkildə zəiflədi. Dünyada Rusiyanın nüfuzu zərbə aldı, bir çox bölgələrdə əvvəlki mövqelərini saxlaya bilmədi. Bütün bunlardan sonra Rusiyanın yaxın 3 ildə hər hansı bir NATO ölkəsinə hücum etmək ehtimalı yoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya nəyin bahasına olursa-olsun mümkün qədər Ukrayna müharibəsini tez bitirmək istəyir və ilk dəfə güzəştə getməyə hazır olduğunu Alyaskada Trampla görüşdə göstərdi. Adətən zaman keçdikcə Rusiya sülh şərtlərini ağırlaşdırırdı və Putin bunu açıq şəkildə bəyan etmişdi. Ancaq Alyaska görüşündə Rusiya ilk dəfə ciddi şəkildə güzəştə getməyə hazır olduğunu dedi və razılaşmaya gəldi. Bu səbəbdən mən hesab edirəm ki, 2029-cu ildə, yaxud bir az tez Rusiyanın hansısa NATO ölkəsinə hücum etmə ehtimalı yoxdur”.
A.Səmədovun fikirlərinə görə, lakin Avropa ordularını gücləndirmək üçün hərbçilər hərbi xərclərin artırılması üçün bu cür bəyanatlar verirlər, Rusiya qorxusu ilə çalışırlar ki, hərbi xərclərə ayrılan vəsaitin həcmi artırılsın. O həmçinin qeyd edib ki, Rusiyanın yaxın illərdə NATO ölkəsi ilə müharibə aparmaq gücünün olacağına inanmır.
Fərqli miqyasda münaqişə
Politoloq Yusif Bağırzadə söyləyib ki, Almaniya ordusu nümayəndəsinin Rusiyanın 2029-cu ilədək NATO ölkələrindən birinə hücum etmək imkanına sahib ola biləcəyi barədə açıqlaması bir tərəfdən Rusiyanın hərbi potensialının bərpası və genişlənməsi ilə bağlı narahatlıqları əks etdirir, digər tərəfdən isə NATO ölkələrini müdafiə hazırlığını artırmağa sövq edən strateji mesaj kimi görünür: “Rusiyanın NATO ölkəsinə birbaşa hücum etməsi məsələsində əsas amil hərbi imkanlardan daha çox siyasi risklərdir. Rusiya böyük hərbi resurslara malik olsa da, NATO ilə açıq qarşıdurma tamamilə fərqli miqyasda münaqişə deməkdir. Şimali Atlantika Alyansının kollektiv müdafiə prinsipi, yəni bir üzvə hücumun bütün alyansa hücum kimi qəbul edilməsi Moskvanın belə addım atmasını çox yüksək riskli edir. Xüsusilə nüvə silahına malik iki böyük güc bloku arasında birbaşa toqquşma ehtimalı ciddi çəkindirici faktor olaraq qalır”.
Avropadakı təhlükəsizlik narahatlıqları
Y.Bağırzadə diqqətə çatdırıb ki, bununla yanaşı, Avropadakı təhlükəsizlik narahatlıqları əsassız deyil: “Ukraynada davam edən müharibə göstərdi ki, Rusiya öz təhlükəsizlik maraqlarını hərbi vasitələrlə təmin etməyə hazırdır. Moskvanın hərbi sənayesini genişləndirməsi, müdafiə xərclərini artırması və ordunun uzunmüddətli hazırlığı ilə bağlı addımları NATO ölkələri tərəfindən diqqətlə izlənilir. Xüsusilə Baltikyanı ölkələr və Şərqi Avropadakı NATO üzvləri potensial risk zonaları kimi daha həssas hesab olunur. Lakin Rusiyanın 2029-cu ildə NATO-ya hücum edəcəyi fikri indiki mərhələ real görünmür. Belə qiymətləndirmələr adətən ən pis variantların qarşısını almaq üçün hazırlanır. Digər tərəfdən, NATO-nun özü də bu ehtimala cavab olaraq müdafiə qabiliyyətlərini gücləndirir. Avropa ölkələri hərbi büdcələri artırır, ABŞ-nin Avropadakı hərbi mövcudluğu saxlanılır və alyansın şərq cinahında yeni müdafiə planları hazırlanır. Bu addımların məqsədi müharibəni başlatmaq deyil, mümkün hücumun qarşısını almaq üçün çəkindirici güc yaratmaqdır. Odur ki, Rusiyanın 2029-cu ilədək NATO ölkəsinə hücum etməsi indiki şərtlər daxilində ehtimal olunan variant kimi görünmür”.
“NATO ölkələri Rusiya təcavüzünə qarşı mövqelərini gücləndirir”
Siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın NATO-ya hücum edəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir: “Tez-tez iddia olunur ki, Rusiya Balkan ölkələrinə hücum edəcək. Bu məsələdə zaman-zaman Polşanın da adı çəkilir. Ümumilikdə, Avropada NATO-ya üzv olan ölkələr hər zaman Rusiya təcavüzünə qarşı öz mövqelərini gücləndirirlər. Maksimum çalışırlar ki, Rusiya təcavüzündən mühafizə olunsunlar. Bununla bağlı hərbi büdcənin artırılması məqsədi ilə son zamanlarda tədbirlər həyata keçirilir. Eləcə də NATO-nun Avropadakı fəaliyyətinin gücləndirilməsi istiqamətində ABŞ-yə müraciətlər edilir. Ancaq burada bir məqam odur ki, NATO-nun Avropadakı öz mövqelərini gücləndirməsi düşünürəm ki, bölgəni daha çox ABŞ-nin təsir dairəsinə sala bilər. Ona görə də bəzən Avropanın təəssübünü çəkən ölkələr, xüsusilə də Fransa ABŞ-nin, NATO-nun Avropada güclənməsini çox da qəbul etmir. Bunu ABŞ-nin hegemonluğunun bərpası kimi təqdim edirlər”.
Üçüncü Dünya müharibəsi ehtimalı
Z.Əmrəliyev deyib ki, bütün bunlara rəğmən Rusiyanın NATO ölkələrinə hücum edəcəyinə ehtimal vermir: “Buna rəğmən tez-tez Avropa ölkələrinə dron hücumları həyata keçirilir. Hazırda konkret olaraq Rusiya ilə ən ciddi münaqişəsi olan və NATO-ya üzv olan Avropa ölkəsi Polşadır. Polşa ilə Rusiya arasındakı toqquşma, əlbəttə ki, Rusiya ilə NATO arasındakı toqquşmaya səbəb ola bilər. Əgər Rusiya özü Polşa ərazisinə hücum edərsə, burada NATO-nun müvafiq maddəsi işə düşə bilər. Bu, Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Ona görə də mən bu ehtimalı istisna edirəm. İnanmıram ki, Rusiya bu şəkildə bir addım atacaq”.
“Rusiya-Ukrayna savaşı elə NATO-Rusiya savaşıdır”
Politoloq Əli Mustafanın sözlərinə görə, NATO-Rusiya qarşıdurmasına dair fikirlər çoxdur: “Bunu bəzən Avropa mənbələri deyir və Rusiyaya istinad edilir ki, Rusiyanın belə bir fikri var. Bəzən də Rusiya mənbələri NATO-nun belə niyyətlərinin olmasına dair fikirlər irəli sürürlər. Xüsusilə Almaniya ilə Rusiyanın yenidən üz-üzə gələcəyinə dair ehtimallar daha böyükdür. Kalininqradın Almaniyaya qayıdacağı fikri də var. Yəni bu məsələlər müzakirə olunur. Anlaşılan odur ki, indiki Rusiya-Ukrayna savaşı elə NATO-Rusiya savaşıdır, sadəcə olaraq Ukrayna üzərindən aparılır”.
O istisna etmir ki, NATO ölkələri Rusiya kifayət qədər zəiflədikdən sonra artıq birbaşa da Rusiya ilə savaş bilərlər: “Amma Rusiyanın da belə niyyətlərinin olması, xüsusilə Baltikyanı ölkələrə, Finlandiyaya hücum etməsinə dair fikirlər, mülahizələr var. Hər halda hansı tərəfin hücum edib-etməməsindən asılı olmayaraq mən Rusiya-NATO qarşıdurmasını real görürəm. Yəqin ki, dünyanın yenidən müəyyənləşməsi, yenidən bölüşdürülməsi formatında bu savaş reallaşacaq”.
Röya İsrafilova