Rusiya xarici muzdluların ümidinə qalıb Dünya

Rusiya xarici muzdluların ümidinə qalıb

Kreml bu dəfə afrikalıları aldadır

Rusiyanın Ukraynaya qarşı müharibəsində xarici muzdlulardan istifadə etməsi gündəmdən düşmür. Bunu Kremlin əsgər çatışmazlığı, fərarilərin sayının artması ilə bağlı izah edənlər də var. Kreml öncə Şimali Koreyadan (KXDR) minlərlə hərbi qulluqçu və muzdlu döyüşçünü cəlb edib. Əsasən Rusiyanın Kursk vilayətində yerləşdirilən bu qüvvələr, ağır itkilər versələr də, münaqişədə Rusiya tərəfinə hərbi dəstək göstərməkdə davam edirlər. Məlumata görə, Şimali Koreya ordusunun "Storm Corps" adlı elit xüsusi təyinatlı qüvvələrindən ibarət minlərlə hərbçi cəbhə xəttinə göndərilib. Onların ümumi sayının 11 min ilə 15 min arasında olduğu təxmin edilib.
Şimali Koreyanın açıqlamasa da, Cənubi Koreya kəşfiyyatı və Qərb mənbələri təxminən 4,000 - 6,000 arası Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirib. Hətta Şimali Koreyanın Pxenyan şəhərində bu müharibədə həlak olanlar üçün xüsusi memorial abidə ucaltdığı məlum olub. Bu əməkdaşlıq müqabilində Şimali Koreyanın Rusiyadan ərzaq, maliyyə və köhnəlmiş hərbi texnikasını modernləşdirmək üçün texnoloji dəstək aldığı güman edilib.
Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Rusiya Krımda Ukraynaya qarşı müharibədə iştirak etmək üçün xarici muzdlulara təlim keçir. “Söhbət Kubadan, bir sıra Afrika ölkələrindən və Rusiyaya dəstək verən digər dövlətlərdən olan muzdlulardan gedir. Rusiya xüsusi xidmət orqanları əcnəbiləri işə götürmək üçün dünyanı gəzir”, - məlumatda qeyd olunub.
Hələ ötən il Rusiyanın “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb ki, “Vaqner” özəl hərbi şirkətinin Afrika qruplaşması ya Mərkəzi Afrika Respublikasını tərk edəcək, ya da komandirlərinin kontinentdən çıxması ilə başsız qalacaq.
Məlumata görə, muzdlulara “Salem” kod adlı komandiri və onun “Aysmen” ləqəbli müavininin Ukraynada döyüşmək üçün adamlar toplamağa başlayacaqları ilə bağlı məlumat verilib: “Rusiya Qəhrəmanı olan Salem Mərkəzi Afrika Respublikasındakı muzdluların rəhbəridir. Adam yığmaqla bağlı elana inansaq, onda belə çıxır ki, Afrika qruplaşması Salemin Ukraynaya göndərilməsi səbəbindən ya başsız qalacaq, ya da komandirləri ilə birlikdə Mərkəzi Afrika Respublikasını tərk edəcək”.
Ötən il belə bir məlumat yayılıb ki, bəs Nepaldan olan muzdlular kütləvi şəkildə Rusiya ordusunu tərk edirlər. İddia olunur ki, muzdluların qaçmasına böyük sayda itkilər, səhra komandirlərinin kobud münasibəti, həmçinin vəd edilən pulların ödənilməməsi səbəb olub.
Qeyd edək ki, Nepal hakimiyyəti 2024-cü ilin yanvarında Rusiyanın Ukraynaya qarşı müharibəyə 200-dən çox vətəndaşını cəlb etdiyini açıqlayıb. Onlar bunun qarşısını almaq üçün Rusiyada işləmək məqsədilə verilən icazələrin paylanmasını dayandırıblar.
Mətbuatdakı məlumatlara görə isə Rusiya 2 minə yaxın Nepal vətəndaşını orduya cəlb edib.
CNN isə yazıb ki, Rusiya tərəfində Ukraynada döyüşən nepallıların qohumları Moskvadan onları geri qaytarmağı tələb edirlər.
Məlumata görə, Rusiya 2000 dollar müqabilində 15 min nepallını ordu sıralarına cəlb edib.
“Mən rus ordusuna əylənmək üçün getməmişəm. Nepalda iş tapmaq imkanım yox idi. Ancaq geriyə baxanda bu düzgün qərar deyildi. Bu qədər tez uzaqlaşdığımızın fərqində deyildik”, - rus ordusunun tərkibində döyüşən nepallı muzdlulardan biri bildirib.
Onun sözlərinə görə, Rusiyada ona ayda 2 min dollar maaş və vətəndaşlıq təklif ediblər: “Məni əvvəlcə təlimə, ordan da Baxmuta göndərdilər. Orada təxminən 1 ay qaldım və yaralandım”.
Bu günlərdə isə "Teleqraf" qəzeti Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin yeni hesabatına istinadən yazıb ki, Rusiya ehtimal ki, Afrika ölkələrinin vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etməyə cəlb etmək üçün işə qəbul sxemlərindən və təhsil proqramlarından istifadə edir.
Nəşr özünü Maykl kimi təqdim edən 25 yaşlı keniyalının hekayəsini misal gətirib. Onun sözlərinə görə, 2025-ci ildə ona Rusiyada arxa cəbhədə obyektlərin mühafizəsi ilə bağlı iş təklif olunub. Ona birdəfəlik təxminən 5,6 min funt sterlinq ödəniş və aylıq 1,7 min funt sterlinq maaş vəd edilib.
Lakin onun iddiasına görə, Rusiyaya gəldikdən sonra o, məzmununu başa düşmədiyi rus dilində hərbi müqavilə imzalayıb, silah alıb və demək olar ki, heç bir hazırlıq keçmədən Ukraynadakı cəbhəyə göndərilib.
“Onlar bizə zirehli jiletlər və silah verdilər və irəli getməyi əmr etdilər. Mənə heç kim heç nə öyrətmədi. Silahdan istifadə etməyi başqalarını müşahidə edərək öyrəndim”, – deyə o bildirib.
Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin araşdırmasına görə, Rusiya xariciləri ölkəyə cəlb etmək və sonradan onlarla hərbi müqavilələr bağlamaq üçün iş təkliflərindən, təhsil qrantlarından, idman tədbirlərindən və miqrasiya agentliklərindən istifadə edir.
Hesabat müəllifləri iddia edirlər ki, Kremlin bu siyasəti Afrika ölkələrindəki sosial-iqtisadi problemlərdən və insanların xaricdə iş tapmaq istəyindən faydalanmağa əsaslanır.
Mövzunu ukraynalı siyasilərlə müzakirə etdik.
Ukrayna Ali Radasının sabiq deputatı Artur Belous deyib ki, bəli, muzdluların işi sadədir. Onların istifadəsi Rusiyaya qeyri-populyar səfərbərliyə əl atmadan cəbhədəki boşluğu doldurmağa imkan verir.
Bu çatışmazlıq xüsusilə piyadalarda, ön cəbhədə hiss olunur. Muzdlu əsgərlər ilk növbədə ora göndərilir, çünki getdikcə daha az adam yaxşı pul müqabilində belə müqavilə imzalamağa hazırdır: “Cəbhədə olan bir rusa ayda 4000 ABŞ dolları verilirsə, muzdlu əsgər 2000 alır. Kasıb üçüncü dünya ölkələrindən biri üçün bu, çox puldur. Və onlar öz ölkələrində müharibələrə öyrəşiblər. Bu o deməkdir ki, onların həyatı üçün qorxu həddi daha aşağıdır”.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us: “Qeyd etmək lazımdır ki, bu hesabat kifayət qədər yaxşı sənədləşdirilmiş mənzərəyə uyğun gəlir. Ukrayna Strateji Kommunikasiyalar Mərkəzinin məlumatına görə, Rusiya əcnəbiləri ölkəyə cəlb etmək və sonra onlarla hərbi müqavilələr bağlamaq üçün iş təklifləri, təhsil qrantları, idman tədbirləri və immiqrasiya agentliklərindən alət kimi istifadə edir. Əsas odur ki, bu, sadəcə oğurlanmış mətn deyil, müstəqil Qərb və Afrika nəşrləri də bu barədə yazıblar. Məsələn, “New York Times”ın araşdırması afrikalıların səyahət agentlikləri adı altında necə aldadılıb işə götürüldüklərini və əsas yem kimi işsizlik və yoxsulluğun “aşpaz” və “sürücü” üçün iş yerləri açdıqlarını təsvir edir. NYT jurnalistlərinin gördükləri müqavilələr rus dilində olduğundan afrikalılar onları oxuya bilmirdilər.
Afrika Strateji Tədqiqatlar Mərkəzi bu sxemi belə təsvir edir: gənc afrikalılara Rusiyada mülki iş, idman imkanları, təhsil proqramları və ya hüquqi status vəd edilir və gəldikdən sonra onlara rus dilində hərbi müqavilələr imzalamaq üçün təzyiq edilir. Ukraynanın xarici işlər naziri Sibihanın fevral ayında açıqladığı məlumatlara görə, onlarla ölkədən 1700-dən çox afrikalı Rusiya uğrunda döyüşür. Qısacası, hesabatda təsvir olunanlar klassik “muzdlu”dan (insan bilərəkdən pul qəbul edir) insan alveri və fırıldaqçılığa terminoloji cəhətdən daha yaxındır, çünki burada əsas element nə üçün imza atdıqlarını başa düşməyən insanları çaşdırmaqdır. Elə buna görə də bir sıra Afrika ölkələri (Keniya, Qana, Cənubi Afrika) bu məsələni milli səviyyədə qaldırırlar”.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko isə deyib ki, 2022-ci ilin payızında səfərbərliyin uğursuzluğundan sonra Rusiya Müdafiə Nazirliyi özəl hərbi şirkətlərdən və həm ölkə daxilində, həm də xaricdə ödənişli əsgərlərin cəlb edilməsindən geniş istifadə edir. İlk vaxtlar hətta səfirlər arasında kimin daha çox işə götürülə biləcəyini öyrənmək üçün müsabiqə də keçirilirdi. İndi, daha az könüllülər və getdikcə daha aşağı maaşlar və başlanğıc ödənişləri ilə plan daha çox əcnəbini işə götürməkdir: “Əsas səbəb ordudan çıxarılan əsgərlərlə bağlı problemdir ki, onların da mühüm hissəsi sosial təhlükə yaradır. Əcnəbilər işə götürüldükdə, onlar müavinət, veteran statusu və ya əfv imkanı olmadan evlərinə göndərilir. Britaniya mənbələrinə görə, 2026-cı ildə muzdluların sayının artırılması planlaşdırılır - 18500 əcnəbi, lakin bu, Müdafiə Nazirliyinin aylıq işə götürdüyündən azdır.
İşəgötürmə çox vaxt aldatma ilə nəticələnir, əcnəbilər tikinti meydançalarında deyil, cəbhədə başa çatır. Çoxları Rusiya vətəndaşlığını almaq üçün müharibəyə qoşulur. Əcnəbilərin orduya cəlb edilməsinin əsas səbəbləri əlavə dəstək vermək, cəbhənin sosial problemlərini yüngülləşdirmək, ən əsası isə döyüşlərin əcnəbilər və “könüllülər” tərəfindən aparılması, heç kimin səfərbərlik riski olmadığı görüntüsü yaratmaqdır”.

Cavid