Prezidentin şəhid ailələrilə bağlı fərmanı yüksək qiymətləndirilir Hadisə

Prezidentin şəhid ailələrilə bağlı fərmanı yüksək qiymətləndirilir

Prezident İlham Əliyev vaxtilə müavinət almış şəhid varislərinin yenidən müavinət almasını özündə əks etdirən fərman imzalayıb. Bu barədə dövlət başçısının özü dünən Prezident Sarayında şəhid ailələri ilə görüşündə deyib. Prezident qeyd edib ki, əvvəlki sərəncama əsasən, 11 min manat birdəfəlik ödəmə alacaq şəhid varislərinin sayı 10 mindir. Lakin əvvəlki dövrlərdə birdəfəlik ödəmə alan şəhid varislərinin aldıqları vəsaitin bugünün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyi nəzərə alınaraq, Prezident yeni fərman imzalayıb. Dövlət başçısı vurğulayıb ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılır və nəticədə və yeni fərmana əsasən 11 min manat alacaq varislərin sayı artacaq.
Qeyd edək ki, şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə Prezident İlham Əliyevin yeni Fərmanı ilə birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Məlumatda qeyd olunur ki, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb.
Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.
Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcəkdir.
Qeyd edək ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.
Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.
Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək.
Deputat Musa Quliyev deyib ki, Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. M.Quliyev bildirib ki, Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır: "Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər verilir, Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir". Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir: "Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı məsələ çoxdandan gündəmdəydi: "Keçən il cənab prezident bununla bağlı Fərman da imzalamışdı. Ölkə başçısının Fərmanına əsasən bir neçə şəhid ailəsinə bu müavinət verilməsinə başlanılmışdı. Amma bu müavinətlərin verilməsi ilə əlaqədar şikayətlər də çox idi...".
Deputat Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı imzaladığı yeni Fərmanı yüksək qiymətləndirib: "Hər zaman ölkə başçısı İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və sosial müdafiəyə ehtiyacı olan insanlara çox böyük diqqət göstərilir. Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Mən ölkə başçısının bu addımını alqışlayıram".
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Jalə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə növbəti dəfə görüşü dövlətin Azərbaycan ailəsinə, xüsusilə də yardıma ehtiyacı olan və ölkəmizin bu gününü yazılmasında rolu olan şəxslərə diqqət və qayğısının təzahürüdür. O bildirib ki, bugünkü görüş ölkə rəhbərliyi tərəfindən atılan ilk addım deyil. J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusilə də şəhid, veteran ailələrinə göstərilən diqqət və qayğı, onların bütün ehtiyaclarının qarşılanması, mənzillərin, fərdi evləri tikilməsi, övladlarına göstərilən diqqət, atalıq, analıq qayğısı əlbəttə ki, dövlətimizin apardığı siyasəti bölgədə və dünyada çox əhəmiyyətli yerə çıxarır. Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanda insan amilinin və insan kapitalının çox əhəmiyyətli yerdə olduğunu göstərir: "Cənab Prezident və eləcə də ölkəmizin Birinci xanımının dəfələrlə vurğuladığı kimi Azərbaycanda insan faktoru, amili bütün amillərin başında gəlir. Azərbaycanda insanların daha yaxşı, firavan yaşaması üçün mühüm işlər görülür, addımlar atılır. Azərbaycan xalqı ölkədə aparılan bu siyasətə minnətdardır".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir: "Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır". Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı imzaladığı yeni Fərman bu faktı bir daha təsdiqləyir: "Ölkə başçısının imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Eyni zamanda, ölkə başçısının imzaladığı fərmanda yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçu olmayanların, polis işçilərinin və digər qrupların da vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bu, bir daha dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir". Hadi Rəcəbli qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir: "Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır".

Əli