“Görüş Qarabağa qovuşmaq inamımızı daha da artırdı” Hadisə

“Görüş Qarabağa qovuşmaq inamımızı daha da artırdı”

Həyat yoldaşım Veysəlin nigaran ruhu bütün ailə üzvlərimizi narahat edir. Xüsusilə hər il yanvarın 28-də biz ailəliklə onu xatırlayır, lakin adını layiqincə ana bilmədiyimizə görə təəssüf hissi də keçirirdik. Bu gün 27 il sonra olsa da, elə bil üstümüzdən yük götürüldü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı şəhid ailələrinin ünvanına dərin hörmət və ehtiram ifadə olundu, dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları bizə təqdim etdi.
Bunu şəhid ailələrinin nümayəndələri ilə görüşün iştirakçısı Mərziyə Qasımova deyib.
Daşaltı əməliyyatında şəhid olan Veysəl Qasımovun həyat yoldaşı Mərziyə Qasımova görüşdə dövlət başçısının ölkəmizin hərbi potensialı, gündən-günə artan nüfuzu və aparılan danışıqlar nəticəsində Azərbaycanın haqq səsinin daha gur eşidilməyə başladığı haqqında danışdığını xatırladıb. "Bu görüşdən sonra bir daha inandıq ki, şəhidlər heç vaxt ölmür və bu müqəddəs yolda canlarını fəda edənlər cismən aramızda olmasalar da, ruhən həmişə bizimlədirlər. Görüş həm də xalqımızın bu mübarizədən qalib çıxacağına bir daha əminlik yaratdı və şəxsən mən inandım ki, digər Qarabağ şəhidləri kimi Veysəlin də qanı yerdə qalmayacaq və Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib olacaq", - deyə Mərziyə Qasımova bildirib.