Təhsil naziri gənc müəllimlərlə görüşüb Hadisə

Təhsil naziri gənc müəllimlərlə görüşüb

Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi istifadə etməməlidirlər

"Muğam Klub"da 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təhsil naziri Ceyhun Bayramovun gənc müəllimlərlə görüşü olub. Görüşdə C.Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini bildirib. Nazir ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. C.Bayramov bildirib ki, hazırda ölkə üzrə müəllimlərin sayı 144 min 414 nəfər təşkil edir. Onlardan 35 yaşa qədər olan müəllimlərin sayı 39 min 179 nəfərdir ki, bu da müəllimlərin 27 faizi deməkdir. Nazir Gənclər Günü münasibətilə gənc müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidirlər. Bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib. Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, onların şəxsiyyətinə hörmət etməlidirlər: "Gənc müəllimlər şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdə digər müəllimlərin təcrübəsindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin yaranmasının şahidi olacağıq".
C.Bayramov əlavə edib ki, bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Ötən 5 il ərzində məktəblərdə aparılan təmir-tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 100 mindən çox müəllimin gündəlik fəaliyyət məkanı tamamilə yeni standartlara uyğun qurulub.