Polşa kriptovalyuta ilə neft almaq cəhdində 394 milyon dollar itirib Dünya

Polşa kriptovalyuta ilə neft almaq cəhdində 394 milyon dollar itirib

Polşanın "Orlen" energetika konserni 2023-cü ildə ABŞ sanksiyalarından yan keçərək Venesueladan kriptovalyuta ilə neft almağa çalışarkən təxminən 400 milyon dollar itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, əqdi "Orlen"in İsveçrədəki törəmə şirkəti həyata keçirməyə cəhd edib. Şirkət BƏƏ-də yerləşən "Hannon International" və "Gold Mar International Trading" firmalarına avans göndərib. "Orlen"in pulları Dubaydan keçdiyi vaxtda Polşa şirkəti tərəfindən icarəyə götürülmüş üç süpertanker Venesuelaya tərəf istiqamət götürüb. Gəmi qeydlərinə əsasən, dekabrın ortalarına yaxın onlar Venesuela sularına çataraq ölkənin əsas neft ixracı mərkəzi olan Xose terminalı yaxınlığında lövbər salıblar.

Lakin Venesuelanın dövlət neft şirkəti "Petróleos de Venezuela" neft üçün nəzərdə tutulan vəsaiti almadığını bəyan edib. Tankerlər bir neçə ay dənizdə gözlədikdən sonra boş geri qayıdıblar. "Orlen" ümumilikdə 394 milyon dolları silmək məcburiyyətində qalıb. İki ildən çox vaxt keçməsinə baxmayaraq, qrup "Hannon International" şirkətinə köçürülən 230 milyon dolları geri qaytarmağa çalışır, lakin Dubay şirkəti bu qədər vəsaitinin olmadığını bildirib.

Məryəm Quliyeva