“Ölkəmizdə sosial sahədə aparılan islahatların müsbət nəticələri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir” Hadisə

“Ölkəmizdə sosial sahədə aparılan islahatların müsbət nəticələri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir”

"Ölkəmizdə ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial təminat sistemi üzrə e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün işlər aparılır, əlilliyin qiymətləndirilməsi, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində islahatlar həyata keçirilir".

Bunu Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə keçirilən işgüzar görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ölkəmizdə sosial sahədə aparılan islahatların müsbət nəticələri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: "Növbəti təzahür kimi bu günlərdə Azərbaycanın ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərinin, habelə ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün ardıcıl və təsirli tədbirlər aparılıb. İcra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən uğurlu təcrübələr kimi xüsusi mükafatlara layiq görülüb".

Nazir yaxın günlərdə istifadəyə veriləcək “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin elektron platformaya keçirilməklə keyfiyyətinin yüksəlməsinə imkan verəcəyini vurğulayıb: "Daim yenilənən məlumat bazasına malik olacaq bu altsistem işsiz və işaxtaranlarla yanaşı, işəgötürənlər üçün də xüsusi önəm kəsb edəcək. Hazırda qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün sistemli tədbirlər görülür. Dövlət başçısının müvafiq sərəncamı ilə minimum əməkhaqqının artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, təbliğat-maarifləndirmə işləri bu sahədə müsbət nəticələrini verir. Ötən il əmək müqavilələrinin sayında 91,3 min, bu ilin 5 ayında 94 mindən çox (dövlət sektoru üzrə 28 mindən çox, özəl sektor üzrə 66 mindən çox) artım özünü göstərib".