Şəki keçmişinə qaytarılacaq Hadisə

Şəki keçmişinə qaytarılacaq

Dövlət Turizm Agentliyi: Qoruq ərazisində yaşayanların köçürülməsi nəzərdə tutulmur

Şəkinin inkişaf konsepsiyası hazırlanaraq prezidentə təqdim olunub. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
Kənan Quluzadə bildirib ki, Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınmasından sonra oradakı tarixi abidələrin inventarizasiyasının aparılması nəzərdə tutulub.
Agentlik sözçüsü deyib ki, Şəki Şəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 14 min əhali yaşayır. Abidələrin bir qismi şəxsi mülkiyyətdə olan ərazilərdə olduğundan, həmin abidələrin qorunması, bərpası ilə bağlı işlər birgə həyata keçiriləcək. Kənan Quluzadə onu da bildirib ki, planda Şəkinin qoruq ərazisində olan tikililərin öz əvvəlki vəziyyətinə, qədimi görkəminə qaytarılması istiqamətində də iş aparılacaq:
"Şəkinin tarixi ərazisində qədimdə evlərin damı qırmızı kirəmitlə olsa da, bəzilərinin dam örtüyü sonradan dəyişdirilib. Bundan əlavə, yolda da müəyyən dəyişikliklər olub. Ona görə nəzərə alınıb ki, Şəkinin tarixi hissəsində tikililər, eləcə də yol örtüyü qədimi dövrdə olduğu görkəmə qaytarılsın. Loru dildə desək, Şəki keçmişinə qaytarılacaq. Qoruq ərazisində yaşayanların köçürülməsi nəzərdə tutulmur".
Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub.
Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.
Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.