Eldar İbrahimov Leyla Yunusu ittiham etdi Hadisə

Eldar İbrahimov Leyla Yunusu ittiham etdi

"O, ötən illər ərzində daim Azərbaycanın əleyhinə fəaliyyət göstərib"

"Adını hüquq müdafiəçisi qoyan, ancaq hər zaman insan hüquqlarının müdafiəsi adı altında anti-Azərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı qənim kəsilmiş qüvvələrin əlində alətə çevrilərək, onlardan külli miqdarda qrantlar, çirkli pullar əldə edən Leyla Yunusun həbsi ərtafında bu qədər ajiotajın yaradılmasına heç bir əsas yoxdur".
Bunu Gün.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov dilə gətirib. Onun qeyd etdiyinə görə, 1988-ci ildən bu yana siyasi meydanda olan L.Yunus ötən illər ərzində daim Azərbaycanın əleyhinə fəaliyyət göstərib, daim ermənipərəst dairələrin dəyirmanına su töküb. E. İbrahimov deyib ki, L.Yunus əməllərindən peşman olmaq, ötən illər ərzində cəmiyyətin ona yönəlik sərt etiraz və qınaqlarından nəticə çıxarmaq əvəzinə, daha da irəliyə gedərək, hətta, açıq şəkildə Ermənistan xüsusi-xidmət orqanları ilə işbirliyinə, əməkdaşlığa belə gedib, onların anti-Azərbaycan planlarının icraçısı rolunda çıxış edib: "İndi bütün bunlardan sonra onun həbsi ətrafında bəzilərinin bu qədər haray-həşir qoparmasını anlaya bilmirəm. Leyla Yunusun həbsini siyasiləşdirməyə də heç bir əsas və ehtiyac yoxdur. Bəlkə onlar da Leyla Yunus və onun kimilərlə əlbirdirlər? Nə demək olar, belələrindən hər nə desən gözləmək olar. Ancaq burada fakt və əsl həqiqət ondadır ki, Leyla Yunus daim Azərbaycanın əleyhinə fəaliyyət göstərib, daim Azərbaycanın beynəlxalq aləmdə imicinin korlanmasına çalışıb. Bildiyiniz kimi, hazırda onunla bağlı 3 aylıq həbs-qətimkan tədbiri seçilib, haqqında cinayət işi qaldırılıb. Şəxsən mən həmin cinayət işinin obyetiv şəkildə araşdırılacağına yüzdəyüz əminəm. Əminəm və inanıram ki, hüquq-mühafizə, istintaq orqanları Leyla Yunusla bağlı bütün həqiqətləri tutarlı faktlarla və olduğu kimi ortaya qoyacaqlar. Bir sözlə, Leyla Yunus və onun kimilər nəhayət, öz əməllərinin cəzasını çəkməli, bu günə kimi etdiklərinə görə Azərbaycan dövləti və xalqı qarşısında cavab verməlidirlər. Çünki xəyanətkarlara, satqınlara aramızda yer yoxdur, yer ola bilməz və yer olmanmalıdır".
Qeyd edək ki, L.Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), onun həyat yoldaşı Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub.