BAMF bəyanat yaydı Hadisə

BAMF bəyanat yaydı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) cəbhə xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq hissi keçir və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.
BAMF-ın erməni silahlı birləşmələrinin törətdiyi təxribatlarla bağlı yaydığı bəyanatda belə deyilir.
Fond bəyan edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in Minsk qrupuna üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyan ölkələr bu məsələ ilə bağlı kəskin münasibətini bildirməlidirlər. Bu gərgin vəziyyət, cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, dinc insanların da həlak olmasına səbəb olur. Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə tezliklə reaksiya verməli, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxta Ermənistan silahlı qüvvələrinin belə bir addım atması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir: "Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın vətəndaşlarımız uzun illərdir ki, ağır şəkildə məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır. Beynəlxalq təşkilatlar, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminə, eynilə Ukraynada, Yaxın Şərqdə və Suriyada mövcud münaqişə ocaqlarına nümayiş etdirdikləri həssaslıqla yanaşmalıdırlar.
Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var, təəssüf ki, Ermənistanın və separatçı rejimin bu qətnamələrə məhəl qoymamaları elə bu beynəlxalq nüfuzlu qurumun və dünya ictimaiyyətinin biganə qalması işğalçı dövlətin belə hərəkət etməsinə rəvac verir.
Məhz bu səbəbdən danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir".