“Tarix boyu radikal dini təriqətlər olub” Hadisə

“Tarix boyu radikal dini təriqətlər olub”

Fuad Əliyev: "Harada müsəlmanlar arasında fitnə salınmalıdırsa, bilin ki, radikal qruplaşmalar orada da peydə olunacaq"

"Suriyada baş verən proseslərin səthi bir təhlili belə göstərir ki, bu ölkə hazırda böyük geosiyasi oyunların səhnəsinə çevrilib. Müxtəlif qüvvələr bir-birinə qarşı orada tədbirlər görür".
Bu sözləri BayMedia-ya açıqlamasında din üzrə tədqiqatçı, Con Hopkins Universitetinində elmi araşdırmalar aparan dr. Fuad Əliyev deyib.
Fuad Əliyevin qənaətinə görə, Suriyada baş verənlər cihad deyil: Bu xaosdur. Gənclərdən şahmatdakı piyadalar kimi istifadə edirlər".
Tədtiqatçı-alim hesab edir iki, gənclərimizin radikal dini cərəyanlara qoşulmasına şərait yaradan əsas amil radikal qruplaşmaların təbliğatı və əks təbliğatın zəif olmasıdır: "Bu hal kütləvi olmasa da, hər bir Azərbaycan gəncinin taleyi cəmiyyətimiz, dövlətimiz üçün önəmli olmalıdır. Bu baxımdan hər bir gənc uğrunda mübarizə aparılmalıdır. Radikal dini liderlərə qarşı da preventiv tədbirlər görülməli, onların fəaliyyəti məhdudlaşdırılmalıdır. Suriyaya gedənlər arasında Sumqayıt gənclərinin çoxluq təşkil etməsi də, bu şəhərin son illər ərzində təkfirçilərin mərkəzinə çevrilməsindən xəbər verir".
Fuad Əliyev bildirib ki, tarix boyu İslamda müxtəlif radikal dini təriqətlər olub: "Məsələn, assasinlər sektası olub. Və ya İbn Teymiyyənin banisi olan sələfilik ideologiyası əsasında qurulmuş Məhəmməd ibn Əbdül Vəhabın hərəkatı, təkfir camaatı və s. Bu başqa dinlərdə də mövcuddur. İnsanların bu təriqətlərə artan marağının səbəbi isə, alternativ ideologiyaların zəif olması ilə bağlıdır. Əgər insanlar məscidə gedib, sualına cavab tapmırsa, ədalətsizlik və riyakarlıq görürsə, bunları ifşa edən radikal qruplaşmalara qoşulmaq ehtimalı daha böyükdür. Hazırda yaşadığımız qlobal informasiya dövründə alternativ, radikal təbliğatlara məruz qalmaq daha asandır və buna nəzarət etmək demək olar ki, mümkün deyil. Təkfirçilərin güclənmasində böyük dövlətlərin kəşfiyyat orqanlarının rolu da ehtimal edilir. Bir az tarixə baxaq: Təkfirçilərin "cihadı" həmişə başqa yerlərdə olub. Məsələn, Əfqanıstanda, İraqda, Suriyada, Rusiyanın Şimali Qafqaz bölgəsində, Pakistanda. Onların "cihadlar"ından da əziyyət çəkən elə müsəlmanlar olub. Bu belə də olacaq. Harada müsəlmanlar arasında fitnə salınmalıdırsa, bilin ki, radikal qruplaşmalar orada da peyda olunacaq".
Fuad Əliyev radikal dini cərəyanların təsirinə məruz qalan və Suriyaya döyüşmək üçün gedən gənclərlə bağlı məsələnin qlobal problem olduğunu düşünür: "Radikal qruplaşmalarının yaxşı sponsorları, effektiv cəlbetmə taktikaları var. Harada bir az boşluq varsa, onu ifşa edib, özünü çıxış yolu göstərən yeganə qüvvə kimi göstərə bilirlər. Ümumiyyətlə, dindən siyasi məqsədlər üçün hər zaman istifadə olunub və bu cür "dindarlar" başqaların əllində piyadalar kimi tarix boyu fitnələrin ön cərgələrində gediblər. Burada Hz. Əlinin bir sözünü qeyd etmək yerinə düşərdi: "Mənim belimi dinsiz dindarlar qırdılar".


Elnur