“Xalq Cəbhəsi” qəzetinə istinadlar artır Hadisə

“Xalq Cəbhəsi” qəzetinə istinadlar artır

Türk Dünyası, Güney Azərbaycanla bağlı yazıların sistemli şəkildə təqdimatı elmi tədqiqatlarda istinadlar üçün yeni imkanlar açır

Gələn ay “Xalq Cəbhəsi” qəzetinin 18 yaşı tamam olur. Bu müddətdə qəzet Azərbaycanın ictimai-siyasi, habelə ədəbi-mədəni mühitlərində kifayət qədər tanınıb, özünü təsdiq edə bilib. Çağdaş dövrdə qəzet janrının artıq köhnəldiyi, sıradan çıxdığı qənaətləri artsa da, ümumilikdə çap məhsullarına olan maraq, başlıcası ehtiyac azalmayıb. Yəni kompüter texnologiyaları daha da operativləşsə də, yenə kitaba ehtiyac olduğu dərəcədə qəzetə də ehtiyac olacaq.
Ancaq gerçəkdən bu gün internet qəzetlər, ümumən internet mediası çap mediasını çox qabaqlamaqdadır. Di gəl ki, çap məhsulları qalıcıdır, yenidən, bütün məqamlarda ona qayıtmaq olur, daha etibarlı arxivləşir və s.
“Xalq Cəbhəsi”nin 18 ildir fəaliyyət göstərən, ardıcıl yenilənən saytı fəaliyyət göstərir. Qəzetin informasiya siyasətində ardıcıl olaraq Türk Dünyası və Güney Azərbaycan haqqında xəbərlər aparıcı yer tutur. Bu gün türk xalqlarının birliyi məsələsi öncəki dövrlərdən fərqli olaraq daha gərəkli, hətta bəşəri məsələdir. Ona görə ki, türk ruhu, türk insanlığı, türk mədəniyyəti ardıcıl birlik səviyyəsində olarsa, dünya düzənində irəliyə doğru gedişlərin artdığını görərik. Türk Dünyasında birliyin bərqərar olması başqa xalqların da bu birliyin imkanlarından ilk növbədə yaradıcı bəhrələnməsi demək olacaq.
Qəzet türk xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı silsilə yazılar dərc edir. İllərdir ki, qəzetdə ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimləri müəllif yazıları ilə çıxış edir, qəzetə müsahibələr verir. Təsadüfi deyil ki, axtarış portallarında, sistemləşdirilmiş kataloqlarda elmi-publisistik tipli bu cür yazılar sarıdan “Xalq Cəbhəsi” qəzetində çap olunmuş materiallar diqqəti cəlb edir. Türk Dünyası ilə bağlı yazıların sistemli şəkildə, aydın dillə təqdimi habelə elmi tədqiqatlarda istinadlar üçün də yeni imkanlar açır.
Bu gün Türk Dünyasının ilk növbədə mənəvi birliyinin yaradılmasında qəzetdə çap olunan, habelə elektron versiyası ilə yayılan materialların geniş oxucu kütləsinin diqqətini çəkməsi təsadüfi deyil. Bildirək ki, artıq illərdir elmi tədqiqatlarda “Xalq Cəbhəsi” qəzetində çap olunmuş materiallara istinadların sayı artır. Bu, ilk növbədə qəzetin aparıcı mövzuları ilə bağlı ciddi, əsaslandırılmış, habelə elmi-publisistik üslubda olan akademik məzmunlu tədqiqatları nəşr etməsi ilə bağlıdır.
Məqsəd bu və başqa gərəkli, ulusal sahələrdə ərsəyə gələn tədqiqatlara ölkədə, eləcə də Türk Dünyasında diqqət cəlb etməkdir.
***
“Xalq Cəbhəsi” qəzetinin daha bir əsas istiqaməti Güney Azərbaycan, ümumiyətlə, Azərbaycanın tarixi əraziləri ilə bağlı araşdırmalarla bağlıdır. Tarix boyunca Azərbaycanın parçalanmış, paralanmış əraziləri haqqında bizi sevməyənlər təəssüf ki, ardıcıl düşmənlik xətti tutub, bu gün də bu xətti davam etdirməkdədirlər. Belə bir durumda, şübhəsiz, bizim xalq olaraq tarixi haqqımızı tapdayan, tariximizi təhrif edən ünsürlərə qarşı elmi şəkildə, əsaslandırılmış faktlı yazılarla meydanda olmağımız gərəkdir. Bu gün dünyada informasiya savaşının görünməmiş bir vüsətlə meydan suladığı çağda Azərbaycanın aydınları – elm insanları bu xəlqi prosesə ardıcıl qoşulmalıdırlar.
Bu mənada “Xalq Cəbhəsi” qəzetinin itirilən yurd yerlərimiz – Borçalı, Dərbənd, Göyçə, Zəngəzur, Güney Azərbaycan və s.-lə bağlı silsilə yazılar nəşr etməsi geniş oxucu kütləsinin hər zaman ciddi marağına səbəb olur.
Hazırda qəzetdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” adlı layihəsi ilə bağlı silsilə araşdırma yazılar təqdim olunur.
Qəzetdə bu istiqamətdə həm çağdaş dövrdəki siyasi proseslərlə, həm də ki, tarixi aspektdə yazılar çap olunur.
Bu prosesdə çağdaş dövrdə mövcud problemlə bağlı gedişləri əks etdirən yazılar - indi “Ermənistan” adlandırılan əzəli türk yurdumuz, eləcə də Qarabağın tarixi, orada tarix boyunca məskunlaşmış, köklü-köməcli sakinlərinin məişəti, mətbəxi, bölgələrin təsərrüfat həyatı, ictimai-siyasi durumu, İrəvan və Qarabağ xanlıqları haqqında silsilə araşdırmaların cidd elmi-tarixi faktlara əsaslanması oxucuların diqqətini çəkir.
Təsadüfi deyil ki, ötən il KİVDF-nin sözügedən layihə ilə bağlı kitab halında nəşr etdirdiyi topluda “Xalq Cəbhəsi” qəzetinin materiallarına da geniş yer verilib.

***
Güney Azərbaycanda yaşayan on milyonlarla soydaşımızın ibtidai tələblərinin, faktiki olaraq İranın konstitusiyasında təsbit olunmuş ana dilində təhsil almaq hüququnun yerinə yetirilməməsi – anadilli məktəblərin açılmaması onların hüquqlarının pozulması deməkdir.
Qəzetdə bu və başqa mövzularda, başlıcası Güney Azərbaycanda son yüzildə baş vermiş milli azadlıq hərəkatları, min bir çətinliklə də olsa yaranmış anadilli ədəbiyyatın yaradıcıları, uşaq ədəbiyyatı və s. mövzularda silsilə yazılar dərc olunur.
“Xalq Cəbhəsi” qəzeti qədər Güney Azərbaycan mövzusunda ardıcıl araşdırma yazılar dərc edən ikinci bir qəzet tapmaq çətindir. Bu yazılar həmişəki kimi bu gün də ölkədəki, eləcə də ölkədən qıraqdakı oxucularımızın diqqətini çəkməkdədir.
Ötən illər ərzində həm Azərbaycan Respublikasında, həm də Güney Azərbaycanda yaşayıb fəaliyyət göstərən araşdırmaçıların Güneylə bağlı müxtəlif mövzularda çoxsaylı araşdırmaları dərc olunub. Hazırda bu gərəkli xətt davam etdirilməkdədir.
“Xalq Cəbhəsi” qəzetinə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram.

Elçin Qaliboğlu