Bakı Ali Neft Məktəbinin 8 tələbəsi BP şirkətindən iş təklifi alıb Hadisə

Bakı Ali Neft Məktəbinin 8 tələbəsi BP şirkətindən iş təklifi alıb

Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi BP şirkətindən iş təklifi alıb. Beşinci kursda təhsil alan həmin tələbələr təhsil ilini tam başa vurmayıb və diplom almayıblar. BANM-dən bildirilib ki, təklif alan tələbələrdən 6-sı (Cavid Əliyev, Xədicə Məmmədova, Əli Nuraliyev, Nihad Abbasov, Sədiqə Balacayeva, İsa Məmmədli) neft-qaz mühəndisliyi ixtisasının, 2 nəfəri isə (Nigar Cahangirova, Sədayə Ömərova) kimya mühəndisliyi ixtisasında təhsil alır. Onlar əsasən BP şirkətinin həyata keçirdiyi yay təcrübə proqramında uğurla iştirak etmiş, eləcə də BP dəyərlərini mənimsəyən və şirkətin müəyyənləşdirdiyi meyarlara cavab verən tələbələrdir. Adıçəkilən tələbələr 2019-cu ilin iyul-sentyabr aylarında BP şirkətində təcrübə keçiblər. Əvvəlcə ingilis dili və qabiliyyət imtahanı verən tələbələr müsahibə mərhələsini də uğurla keçdikdən sonra təcrübə proqramında iştirak hüququ qazanıblar.
Təcrübəçilər 2 ay müddətində real layihələr üzərində işləyərək həm texniki biliklərini, həm də ünsiyyət, davranış, komanda işi, təqdimat bacarıqlarını inkişaf etdiriblər. Habelə təcrübə proqramının yekunu olaraq BP-nin mütəxəssisləri qarşısında təqdimatla çıxış ediblər. Əldə etdikləri uğurlu nəticə ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşüb. Yüksək nailiyyət münasibətilə tələbələri və valideynləri təbrik edən rektor BANM-in hər bir tələbəsi və məzunu ilə qürur duyduğunu bildirib. Qeyd edib ki, BANM-in əsas missiyası yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları ilə yanaşı, tələbələri həyata və dünyaya hazırlamaqdır. Rektor məhz buna görə BANM-də təhsil alan gənclərin hətta diplom almadan belə işlə təmin olunduğunu diqqətə çatdırıb. E.Qasımov ali məktəbin məzunlarının hər birinin nüfuzlu yerli, transmilli və beynəlxalq şirkətlərdə uğurlu mövqelərdə işlə təmin olunduğunu vurğulayıb.
Valideynlər çıxış edərək bildiriblər ki, BANM-də tələbələrə beynəlxalq standartlara cavab verən təhsillə yanaşı, onların şəxsi inkişafına hərtərəfli dəstək göstərilir. Tələbələrə göstərilən xüsusi qayğı onların cəmiyyətə faydalı, müstəqil vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Valideynlər övladlarının diplom əldə etmədən BP kimi nüfuzlu transmilli şirkətdə işlə təmin olunmasından qürur duyduqlarını vurğulayıblar. Tələbələr isə əldə etdikləri uğurlu nəticəni Bakı Ali Neft Məktəbində aldıqları yüksək təhsil və bacarıq, eləcə də onlar üçün yaradılan münbit şərait sayəsində mümkün olduğunu dilə gətiriblər.