“Azərbaycan “Əsrin müqaviləsi” nəticəsində 186 milyard mənfəət qazanıb” Gündəm

“Azərbaycan “Əsrin müqaviləsi” nəticəsində 186 milyard mənfəət qazanıb”

““Əsrin müqaviləsi” Azərbaycanın sosializmdən kapitalizmə keçidində faktiki olaraq ilk müqaviləmiz idi. Bu layihə Azərbaycana nə verdi? 1990-cı ildən 1996-cı ilə qədər Azərbaycanda iqtisadi eniş ili olub. Yəni heç bir il 0,1 faiz belə artım olmayıb. Ancaq 1996-cı ildə 0,1 faiz artım oldu. Azərbaycan 1991-1995-ci illərdə hiperinflyasiya şəraitində yaşayan ölkə olub. 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi” imzalananda 1763 faiz illik inflyasiya idi. Yəni belə bir şəraitdə Azərbaycan xarici şirkətlərlə müqavilə imzalamağa müvəffəq oldu və o müqaviləni imzalamaqla ilk dəfə öz tarixində Azərbaycana marağı olan ölkələrlə münasibətlərin qurulmasını ortaya qoydu. Beləcə, artıq növbəti illərdə Azərbaycanla xarici aləmin təmasları artmağa başladı”.

Bu fikirləri xalqcebhesi.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sahəsi üzrə ekspert İlham Şaban söyləyib.

İ.Şaban vurğulayıb ki, “Əsrin müqaviləsi”ndən sonra imzalanan kəşfiyyat layihələri nəticəsində 10 il ərzində Azərbaycanın ancaq neft sektorunda kəşfiyyata 3 milyard dollar vəsait xərcləndi: “Bu, yenidənqurma dövründən sonra Azərbaycanın neft sənayesində özünə gəlməsi idi. Azərbaycan “Əsrin müqaviləsi” nəticəsində bu gün 186 milyard mənfəət qazanıb. Bundan əlavə, Azərbaycan dövlət büdcəsinə təqribən 20 milyard dollara yaxın vəsaiti, yəni xarici neft şirkətlərinin ödəmələrini əldə edib. Həmçinin Azərbaycan Dövlət Neft Şirkəti də o layihədəki payçı qismində milyardlarla vəsait əldə edib. Bu layihənin indiyə qədər işləməsi üçün 60 milyard dollar vəsait xərclənib. Yəni xarici şirkətlər, o layihənin iştirakçıları vəsait xərcləyiblər. Onun bir qismi də ötən dövr ərzində Azərbaycan şirkətlərinin istər dövlət, istər səhmdar, istər özəl sektor olsun podratçı və subpodratçı qismində iştirakına görə mənfəət qazanıblar. Bu da yenə Azərbaycanın qazancıdır”.

Ekspertin sözlərinə görə, ən böyük qazanc Azərbaycanın iqtisadi baxımdan möhkəmlənməsi oldu: “Həmin iqtisadi güc ölkənin öz torpaqlarını işğaldan azad etməsində və suverenliyini bütün ərazisində bərpa etməsində mühüm rol oynadı. Bu iqtisadi amilin əsas lokomotivi mübaliğəsiz demək olar ki, Azəri-Çıraq-Günəşli layihəsindən gələn gəlirlər idi və Azəri-Çıraq-Günəşlinin ilk müqavilənin açdığı cığırın, sonradan yola, daha sonra magistral yola çevrilərək Azərbaycanın həm region, həm uzaq ölkələrlə münasibətlərinin daha fərqli müstəvidə qurulması idi”.

Röya İsrafilova