“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda müzakirələr aparılıb Hadisə

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda müzakirələr aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda növbəti elmi sessiya keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə danışıb.
AMEA-dan bildirilib ki, alim bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu deyərək, onların əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatlar aparan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli, Qorxmaz Quliyev, Yaşar Qarayev kimi alimlərin fəaliyyəti haqqında məlumat verib. O, problemin öyrənilməsi üçün institutda Ədəbi cərəyanlar sektorunun açıldığını diqqətə çatdırıb. Akademik Azərbaycan ədəbiyyatında erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını, müstəqillik dövründə isə dekadentizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının müşahidə olunduğunu bildirib.
Ədəbi məktəb və cərəyanlar problemindən də danışan akademik İ.Həbibbəyli ədəbi məktəblərin uzunmüddətli olduğunu, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhədində meydana gəldiyini deyib. Alim müstəqillik dövrü ədəbi cərəyanlarının formalaşmasında Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin, Kulis.az saytının, “Ulduz” jurnalının və s. rolunu qeyd edib.
Daha sonra filologiya üzrə elmlər doktoru Cavanşir Əliyevin “Strukturalizm və poststrukturalizm metodlarının tarixi mənşəyi və ədəbi əsərlərin təhlilində mövqeyi”, filologiya üzrə elmlər doktoru Pərvanə İsayevanın “Formalizm və müasir filoloji fikrə təsir mexanizmi”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində”, filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovanın “Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri”, həmçinin institutun Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçiləri Şəfa Əliyevanın “Tənqidi realizm və müasir ədəbi-nəzəri fikir” və Dilarə Əliyevanın “Modernizmin tipoloji xüsusiyyətləri və Azərbaycan nəsrində təzahürü” mövzusunda məruzələri dinlənilib.
Sessiyada institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd və Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev çıxış edərək ədəbiyyat tarixinin düzgün dövrləşdirilməsinin önəmini vurğulayıblar.