“Virusu sürətli aşkarlayan testlərin ölkəyə gətirilməsi real vəziyyətin öyrənilməsinə şərait yaradır” Hadisə

“Virusu sürətli aşkarlayan testlərin ölkəyə gətirilməsi real vəziyyətin öyrənilməsinə şərait yaradır”

Aqil Camal: “İnsanlar arasında bir-birini yoluxdurma hallarının artması təhlükəli tendensiyadır”

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 5-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumatda gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.
Qeyd edək ki, COVİD-19 pandemiyası müxtəlif ölkələrdə fərqli formada təzahür edir. Bəzi ölkələr pandemiyanı əvvəl ciddiyə almadığına görə, bu gün problemlərlə üz-üzə qalıb. Azərbaycan isə lazımi tədbirlər gördü və vaxtında önləyici addımlar atdı. Son günlər koronavirusa yoluxma sayında artım müşahidə olunur ki, ekspertlər bununla bağlı öz fikirlərini mütəmadi olaraq bölüşürlər. Aprel ayı kritik mərhələ hesab olunduğuna görə, karantin rejiminə ciddi əməl edilməsinin vacibliyi önə çəkilir.
"Türküstan Media Qrupu"nun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal “Xalq Cəbhəsi”nə bildirdi ki, koronavirusa yoluxma sayının məhz son zamanlar artması pandemiyanın təbiətinə uyğundur. Onun fikrincə, bununla belə hazırda ölkələrdə epidemiyanın yayılma dinamikası fərqlidir: “Bir çox ölkələrdə koronavirus infeksiyası tədricən, həndəsi silsilə ilə artır. Hardasa, nəzarət altında gedir proses. Bəzi ölkələrdə isə epidemiya partlayış effekti ilə qısa müddətdə yayılır və daha geniş insan kütləsini əhatə edir. Azərbaycanda ilk koronavirusdan yoluxma 28 fevralda qeydə alınıb və ondan sonra tədrici dinamika ilə artıb. Hazırda da proses bu şəkildə davam edir. Rəqəmlərdəki artım isə həm virusun inkubasiya dövrünün uzun olması ilə bağlıdır. Bundan başqa əvəllər gün ərzində 200-300 test aparmaq mümkün idisə bu gün bu rəqəm mini keçib. Ölkəyə müasir labaratoriyalar gətirilib. Bu da koronavirusa yoluxanların vaxtında aşkarlanmasına şərait yaradır. Bu da statistik rəqəmlərin artmasında özünü göstərir. Hesab edirəm ki, bu, təbiidir. Qonşu ölkələrdə isə Azərbaycanda olan imkanalar yxdur. Məsələn, Ermənistanda müasir avadanlıqlar olmadığına görə, yoluxma ilə bağlı statistika da həqiqətə uyğun deyil.Çünki bu ölkədə Azərbaycanla müqayisədə təqribən 5 dəfə az test aparılıb”.

Təhlükəli tendensiya

Aqil Camal əlavə etdi ki, Azərbaycanda 35 mindən artıq test keçirilib: “Bildiyiniz ki, hazırda xaricdən gələnlərlə birlikdə karantində 5000-ə yaxın adam var. Götürülən testlərin cavabları çıxdıqca rəqəm daha da yüksəlir. Bir daha nəzərinizə çatdırıram ki, digər tərəfdən son vaxtlar virusu sürətli aşkarlayan testlərin ölkəyə gətirilməsi də bu prosesi sürətləndirib. Eyni zamanda, Operativ Qərargahın məlumatlarında qeyd olunur ki, xaricdən gələnlərdən, karantin altında saxlanılanlardan başqa, ölkə daxilində də insanlar arasında bir-birindən yoluxma halları artıb. Təhlükəli tendensiya bax, budur”.

“Karantin rejimi ilkin olaraq 20 günü əhatə edir”

Baş redaktorun dediyinə görə, karantin müddətinin 14-21 gün götürülməsi təsadüfən seçilməyib: “Məhz, bu müddətdə insanlarda koronavirus əlamətləri özünü bu və ya digər şəkildə göstərir. Elə hazırda ölkədə tətbiq edilmiş karantin rejimi də ilkin olaraq 20 günü əhatə edir. Bu da təsadüfi deyil. Əgər 20 gün müddətində cəmiyyətə özünütəcrid etməyə ciddi şəkildə əməl olunsa, virusa yoluxanlarla yoluxmayanların sərhədi bəlli olacaq. Yoluxma əlaməti aşkarlananlar müalicəyə cəlb ediləcək, olunmayanlar isə özünü qorumuş olacaq. Bununla, epidemiya nəzarət altına alınacaq. Ortaya çıxan günlük yoluxma ilə müalicə olunanlar arasında bir balans yaranacaq. Bir daha vurğulayıram ki, ilkin dövrdə yalnız xaricdən gələnlərdə virus aşkarlanırdısa, indi daxildə yoluxmaların sayı artır.

“KİV insanları məsuliyyətli olmağa təşviq edə bilər”

Qeyd etdiyim kimi, xaricdən gələnlər nəzarət altındadır. Belə deyək ki, onların təhlükə yaratmaq potensialı artıq yoxdur. Artıq infeksiyanın inkubasiya dövrü müddəti bitdikdən sonra həmin şəxslər evə buraxılacaq. Amma daxildə yoluxmalar təhlükə mənbəyi olaraq qalır. Hazırda biz daha Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaratdığı İctimai Qərargahın təlimatına uyğun olaraq sosial şəbəkələr üzərindən əhalinin bu pandemiyaya münasibətini, yanaşmasını monitorinq edirik. Təəssüf ki, insanların bir qismi epidemiyanı, onun yaratdığı təhlükəni qəbul etmək istəmirlər. Bunun bir yalan olduğunu iddia edənlər də az deyil. Bu yanaşmanı doğuran əsas faktor ölkəmizdə yoluxmanın və onun fəsadlarının kütləvi olmaması ilə bağlıdır. Bu da, əhalinin müəyyən kəsimində arxayınçılıq, pandemiyaya qeyri-ciddi yanaşma örnəklərini ortaya qoyur. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah, həmçinin KİV virusa yoluxanlarla bağlı əyani nümunələri, görüntüləri cəmiyyətə təqdim etməklə, insanları məsuliyyətli olmağa təşviq edə bilər”.

Əli