“Azərbaycan bütün imkanlarını səfərbər edib” Hadisə

“Azərbaycan bütün imkanlarını səfərbər edib”

Azərbaycanda daha çox sayda insanın koronavirusa yoluxmaması və onların sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması bir çox ölkələrlə müqayisədə o qədər də geniş vüsət almayıb. Lakin bu, o demək deyil ki, xəstəlik Azərbaycanda geniş vüsət ala bilməz və ölkəmiz bu məsələdən sığortalanıb:
“Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Ancaq Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşlarının sağlamlığını təmin etsin. Dövlətimiz yalnız ölkə daxilində deyil, ölkədən kənarda olan 15 minə yaxın Azərbaycan vətəndaşının da təxliyəsini təşkil edərək, onların sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirib”.
Ölkəmizdə ən müasir xəstəxanaların koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmasını da müsbət amil kimi dəyərləndirən C.İsayev əlavə edib ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqlarla təchiz ediləcək.
Baş mütəxəssis hesab edir ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin onun sağlamlığının qorunması üçün gördüyü işlərə dəyər verərək, özü də sağlamlığının qorunması üçün məsuliyyətli olmalı və və dövlətin qoyduğu qadağalara əməl etməlidir:
“Biz yalnız bu yolla xəstəliyin geniş vüsət almasının qarşısını ala bilərik. İnsanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar. Biz həm milli birlik, həmrəylik, həm də məsuliyyət nümayiş etdirməliyik”.
Baş infeksionist hazırkı dövrdə bu qadağalara əməl edilməsini xəstəliyin yayılmasının qarşısının alınması üçün olduqca mühüm amil sayıb.
Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib.
Milli Məclisin deputatı Sevinc Hüseynova da Azərbaycanın koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biri olduğunu deyir.
Onun sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Onun sözlərinə görə, xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.
Millət vəkili vurğulayıb ki, koronavirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib:
“Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir”.
Sevinc Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində də karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğulayıb:
“Prezident İlham Əliyev bildirdi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.
Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.
Deputat vurğulayıb ki, hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir:
“Əməl etməliyik ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.